Posts of Şərqə Baxış
İran cəbhəsində necə bir gedişat gözləyirsiniz? Məncə, yeni bir müharibə ehtimalı çox yüksəkdir. İsraildəki seçkilərdən sonra baş nazir postunu itirmək təhlükəsi ilə üzləşən Benyamin Netanyahunun daxili siyasi maraqları naminə İrana qarşı növbəti hücumu təşviq etdiyi iddia olunur. ABŞ-da ara seçkilərdə Konqresdə qalib gələn Demokratların Trampın İran müharibəsini məhdudlaşdırmaq istədiyi məlumdur, bir sözlə yeni Konqresin yanvarda fəaliyyətə başlamasına qədər Trampın müstəqil hərbi manevr imkanları daha genişdir. Hazırda ABŞ-İsrail tandemi üçün 3 başlıca strateji məqsəddən söhbət gedir. Birincisi və ən mühümü, İranın nüvə silahına çatmasının qarşısını almaq məqsədilə zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi və ya yerində məhv edilməsi. İkincisi, Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması. Üçüncüsü isə İranda mövcud rejimin devrilməsi və Qərbin şərtləri ilə razılaşacaq hərbi-siyasi qüvvələrin hakimiyyətə gətirilməsi. Əvvəlki iki raund göstərdi ki, təkcə hava hücumları ilə bu məqsədlərə nail olmaq real görünmür. Xarici hərbi müdaxilə İran daxilində rejim dəyişikliyinə gətirib çıxaracaq xalq üsyanını doğurmadı. ABŞ xüsusi təyinatlılarının İsfahandakı əməliyyatı da zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi ilə nəticələnmədi. Eyni zamanda, Çin və Rusiyanın texnoloji dəstəyi ilə İranın raket hücumları həm ABŞ-ın bölgədəki təhlükəsizlik arxitekturasını sarsdı, həm də Körfəzi böhrana sürüklədi. Əsas ehtimal, yeni bir hava hücumunda İranın əsas mülki infrastrukturlarının, körpülərinin və su anbarlarının vurulmasıdır. İran da İsrailə və Körfəz ölkələrinə bənzər hücumlar edəcəyini bildirir. Mülki obyektlərin hədəf alınmasının gözlənilən strateji nəticələr yaradıb yaratmayacağı dəqiq deyil. Amma regiondakı xaosun daha da dərinləşməsi qaçılmazdır. Mümkün hərbi alternativlər arasında ən radikalı İrana qarşı nüvə silahından istifadə edilməsi, başqa sözlə, 1945-ci ilin Yaponiya ssenarisinin təkrarlanmasıdır. Bəs nüvə hücumları İran rəhbərliyini də kapitulyasiyaya məcbur edə bilərmi? Edə də bilər, etməyə də. Çünki Yaponiya imperiyasından fərqli olaraq, İran nüvə silahı əldə etmək üçün ən mürəkkəb mərhələlərdən biri olan uranın zənginləşdirilməsində xeyli irəliləyib. Belə olan halda, İran rəhbərliyi mümkün hücumdan sonra kapitulyasiya əvəzinə, tezliklə nüvə silahı əldə etmək qərarına da gələ bilər. Digər tərəfdən, mümkün nüvə hücumu həm beynəlxalq aləmdə, həm də İran daxilində dərin siyasi və psixoloji sarsıntılara səbəb olacaq. Bütün bunlar nüvə silahından istifadənin effektivliyini şübhə altına qoyur. İkinci radikal ssenari İrana bir neçə istiqamətdən, o cümlədən ölkə daxilindəki etnik və dini azlıqların iştirakı ilə genişmiqyaslı quru hücumun həyata keçirilməsidir. Lakin İranın coğrafi relyefi və ərazi miqyası nəzərə alındıqda, ölkənin quru qoşunları vasitəsilə işğalı son dərəcə çətin görünür. Üstəlik, 93 milyondan çox əhalisi olan İranın səfərbərlik potensialı da kifayət qədər böyükdür. Statistikaya baxsaq, ölkədə nəzəri olaraq 41,5 milyon nəfər hərbi xidmətə yararlı hesab edilir, hər il təxminən 1,4 milyon nəfər hərbi yaş həddinə çatır. Hətta ilkin hücumlar uğurla nəticələnsə belə, ölkə üzərində davamlı nəzarət demək olar ki, mümkünsüz görünür. Təbii ki, bu müddətdə ətraf ölkələrin müharibə zonasına çevrilməsi də qaçılmazdır. Eyni zamanda, İranın özünün də İraq və Küveyt istiqamətində Körfəz monarxiyalarına quru hücumuna çıxması ehtimallar daxilindədir. Bir sözlə, yeni müharibə real ehtimal olsa da, həlledici siyasi nəticə doğurmaq üçün yetəri olmaya bilər. Ümumiyyətlə, İran münaqişəsinin yaxın perspektivdə həlli real görünmür. @serqebaxis
Open in TelegramÇin, ABŞ və Rusiya dövlət başçılarının üçtərəfli sammitinin tarixi analogiyaları, simvolikası və protokol qaydaları xeyli müzakirə olundu. Ancaq əsas məsələ formatdakı tərəflərin motivləridir. Məncə, bu formata “dünyanın bölüşdürülməsi” gözləntisindən daha çox, ABŞ–Çin rəqabəti prizmasından baxmaq daha doğrudur. Bu prizma iqtisadi və texnoloji baxımdan masadakı ən zəif bənd olan Rusiyanın iştirakını daha aydın izah edir. Əgər Putinin məqsədi dünya miqyaslı güc mərkəzi kimi qəbul olunmaqdan daha çox, ABŞ–Çin rəqabətində strateji balansı dəyişdirə biləcək üçüncü tərəf rolunu oynamaqdırsa, Moskvanın masada xeyli manevr imkanları olacaq. Hər halda, Vaşinqton və Pekinin Rusiyanın bu masada iştirakını qəbul etməsi hər iki tərəfin Moskva ilə bağlı xüsusi strateji maraqlarının olduğunu göstərir. Bəs Çin nə istəyir? Maraqlıdır ki, Çin lideri Şi Cinpin öz çıxışlarında “Fukidid tələsi” nəzəriyyəsinə dəfələrlə müraciət edərək bu tələdən yayınmağın vacibliyini vurğulayır. Nəzəriyyəyə görə, yüksələn güclə mövcud hegemon arasında müharibə riski olduqca yüksəkdir və tarixdə bunun çoxsaylı nümunələri var. Pekin də supergüc kimi yüksəlişinin mövcud hegemon ABŞ ilə hərbi toqquşmaya gətirib çıxara biləcəyini yaxşı anlayır. Bu səbəbdən Çin hər vəchlə qarşıdurma və hegemonluq iddiasında olmadığını nümayiş etdirməyə çalışır. Bir mənada, deyə bilərik ki, Pekin tatamiyə çıxmadan ABŞ ilə güləşmək istəyir. Belə bir mənzərədə ABŞ ilə təkbətək qalmaqdan yayınmağa çalışan Çin üçün Rusiyanın da masa arxasında əyləşməsi olduqca sərfəlidir. Xüsusilə də Rusiyanın Qərblə hərbi qarşıdurmanı davam etdirərək Vaşinqtonun diqqətini və resurslarını özünə yönəltdiyini, bununla da Pekinə vaxt qazandırdığını nəzərə alsaq… Bəs ABŞ nə istəyir? Bu suala cavab tapmaq üçün çox baş sındırmağa ehtiyac yoxdur. Tramp sağ olsun, görüşdən əvvəl bunu açıq şəkildə dilə gətirdi. Çin və Rusiyanı “təbii düşmənlər” adlandıran Tramp Rusiyanın getdikcə Pekindən daha çox asılı vəziyyətə düşməsindən, iki ölkənin ABŞ-a qarşı vahid cəbhədə birləşməsindən narahat olduğunu bəyan edib. Vaşinqton Rusiya ilə qarşıdurmanı arxada qoymaqla həm Moskvanın Pekindən asılılığını azaltmaq, həm də diqqətini və resurslarını əsas rəqibi Çinə yönəltmək istəyir. Yəni, Vaşinqtona da Rusiya masada lazımdır, amma Qərblə müharibəni dayandırmış vəziyyətdə… Məncə, tərəflər masada anlaşmaqdan daha çox, bir-birinin nəbzini yoxlamaq istəyirlər. Beləliklə, iddia etmək olar ki, həm Çin, həm də ABŞ “Fukidid tələsi”ni real gözlənti kimi görürlər və strateji hesablamalarını mümkün böyük qarşıdurmaya uyğun qururlar. Rusiyanın da masada iştirakı bu hesablamaların bir hissəsi kimi görünür. Bu mənada, üçtərəfli formatı ABŞ–Çin arasında böyük müharibənin qarşısını almaqdan daha çox, tərəflərin mümkün qarşıdurmanın strateji şərtlərini öz xeyrinə dəyişdirmək cəhdi kimi şərh etmək olar. Düşünürəm ki, əli nə qədər zəif görünsə də, Putin masanın nəbzini düzgün tutmaqla iki tərəf arasındakı bu oyundan ciddi uduşlar qazana bilər. Necə ki, vaxtilə ABŞ–SSRİ rəqabəti fonunda Kissincerin Çinlə yaxınlaşma strategiyası Pekinə önəmli strateji üstünlüklər qazandırmışdı, indi də oxşar fürsət Moskvanın qarşısında açıla bilər. Putinin siyasi-tarixi ambisiyalarını və Rusiyanın əvvəllər bəyan etdiyi strateji hədəfləri nəzərə alsaq, ümid edək ki, Cənubi Qafqaz masadakı menyuda olmayacaq… @serqebaxis
Open in TelegramŞübhəsiz ki, Trampın siyasi portreti gələcək siyasi ədəbiyyatda saysız-hesabsız müzakirələrə yol açacaq. Həqiqətən də Tramp fenomeni, xüsusilə onun ikinci prezidentlik dövrü müasir siyasət üçün bir anomaliyadır. Birincisi, siyasi dil məsələsidir. Tramp böyük siyasətdə ənənəvi Avropa aristokratik diplomatiyasının dilini küçə dili ilə əvəzləyib. Hətta BMT tribunasından belə dünya siyasəti və digər ölkələrin liderləri haqqında danışarkən küçə leksikonundan, söyüşlərdən istifadə etməkdən çəkinmir. Ümid edirəm ki, Trampın bu üslubu gələcəkdə siyasi trendə çevrilməyəcək. İkincisi, Tramp ABŞ-ın onilliklər boyu qarşı çıxdığı, digər ölkələri ittiham etdiyi siyasi davranışları və meyilləri mənimsəyib. Avtoritarizm, şəxsiyyətə pərəstiş, dinin siyasi istismarı, intim skandallar, rüşvət, korrupsiya, qızıl heykəllər, şəxsi maraq üçün bahalı tikintilər… Vaxtilə Vaşinqtonun başqa ölkələrdə tənqid etdiyi məsələlər sanki tarixin bir ironiyası olaraq Ağ Evdə təzahür edib. Üçüncüsü, Tramp siyasətin adətən pərdə arxasında qalan tərəflərini bütün çılpaqlığı ilə ictimaiyyətin gözü önünə sərir. Kimi öz vassalı hesab etdiyini, kimin nə qədər pul təklif etdiyini, kimə nə vəd verdiyini böyük fəxarətlə bəyan edir. Bir sözlə, Tramp siyasətin yazılmamış qaydalarını öz təfəkkürünə uyğun kökündən dəyişmək istəyir. Amma Trampın məqsədi təkcə siyasəti üslub baxımından dəyişmək deyil, həm də geosiyasi tarixdə daim xatırlanacaq “irs” qoymaqdır. Venesuela, Kuba və İran kimi onillərdir davam edən problemləri həll etmək cəhdləri, Qrenlandiya kimi yeni ərazilərin ilhaqı ilə bağlı iddialar, coğrafi adların dəyişdirilməsi… Trampın tez-tez özünü ABŞ tarixinin ən mühüm prezidentləri ilə müqayisə etməsi də təsadüfi deyil. Hətta daha da irəli gedərək, özünü yarıtanrı statusunda görməyə başlayıb. Təbii ki, 2024-cü ildəki sui-qəsddən möcüzəvi şəkildə sağ çıxması da bu məsələdə mühüm rol oynayıb. Trampın Amerika sosial-siyasi tarixində önəmli yer tutan “Vəhşi Qərb” təfəkkürünü ölkəsinin geosiyasi supergüc statusuna tətbiq etməyə çalışdığı “kovboy diplomatiyası” İran məsələsində daşa dəydi. Həm Netanyahunun, həm də ətrafına topladığı ticarətçilərdən ibarət xarici siyasət komandasının təhriki ilə İran məsələsində yanlış yol seçdi və xüsusən Hörmüz Boğazında oynadığı qumarın bədəlini Konqresi itirməklə ödədi. Dünyanın amerikan “şerifi” kimi tarixdə qalmaq istəyən Tramp, amerikan siyasi terminologiyası ilə desək, “topal ördəyə” çevrildi. Bu arada, Amerika cəmiyyətinin seçki davranışına dair məşhur reallığa bir daha şahidlik etdik: səhnədə nə danışılmasından, hansı ucuz şounun oynanılmasından, hansı maskaradın təşkil olunmasından asılı olmayaraq, seçicinin cibinə toxunan siyasətə rəhm edilmir. Hətta respublikaçıların ən güclü olduğu əyalətlər belə, iqtisadiyyatdakı problemləri Trampa bağışlamadılar. Bundan sonra necə olacaq? Şərtlər dəyişsə də, Trampın xarakteri çətin ki, dəyişə. Əli xeyli zəifləsə də, düşünürəm ki, Tramp bundan sonra da “irs qoymaq” üçün avantürist xarici siyasəti davam etdirməyə çalışacaq. Bu mənada, yanvar ayında Konqresin yeni tərkibi formalaşanadək İran məsələsində daha bir hərbi addımın atılması da istisna deyil. Adətən Tramp kimi fenomenlərin yüksəlişi kimi, süqutu da özünəməxsus olur. Məncə, “Tramp şousu”nun sonluğu da səs-küylü bitəcək. @serqebaxis
Open in TelegramYaxın Şərqin dini münaqişələrini və siyasi mənzərəsini Qüdsün (Yerusəlimin) tarixinə bələd olmadan anlamaq mümkün deyil. İbrahimi dinlərin ortaq müqəddəs şəhəri olan Qüds təkcə dini deyil, geosiyasi baxımdan da xüsusi önəm kəsb edir. Tarix boyu Qüdsə nəzarət siyasi prestij göstəricisi olub, şəhərin bir imperiyadan digərinə keçməsi çox vaxt Yaxın Şərqdə hegemoniyanın əl dəyişdirməsini əks etdirib. Bir vaxtlar katolik rahibəsi olmuş ingilis yazıçısı Karen Armstronqun 1996-cı ildə çap olunmuş “Yerusəlim: bir şəhər, üç din” kitabı Qüdsün tarixini anlamaq üçün ən fundamental əsərlərdən biridir. Kitab Qüdsün dini tarixini yalnız İbrahimi dinlərlə məhdudlaşdırmır. Müəllif şəhərin və regionun daha qədim bütpərəst və çoxtanrılı inanclarına, miflərinə, dini ayinlərinə, Baal və Molox kultlarına da geniş yer ayırır. Bu inancların sonrakı dini ənənələrdə buraxdığı izləri araşdıraraq Qüdsün dini keçmişini daha geniş tarixi və müqayisəli perspektivdən təhlil edir. Kitabın böyük həcmini nəzərə alaraq yazının ilk hissəsində Yerusəlimin yəhudilik dövrünə müasir İsrailin strategiyası prizmasından nəzər salmaq istərdim. Aydındır ki, qədim İsraili bilmədən çağdaş İsrail dövlətinin siyasi davranışını, təhlükəsizlik düşüncəsini və strateji hesablamalarını anlamaq mümkün deyil. Burada məqsədim çağdaş İsraili qədim İsrailin dövlətçilik baxımından birbaşa varisi kimi təqdim etmək deyil. Söhbət 1948-ci ildə müasir İsrail dövlətini quran, eləcə də hazırda idarə edən elitaların ailədə və məktəbdə mənimsədikləri, dünyagörüşlərinin formalaşmasına təsir edən qədim İsrailə dair dini mətnlərdən, tarixi rəvayətlərdən və təsəvvürlərdən gedir. Əvvəlcə şəhərin adından başlayaq. Müəllifin istinad etdiyi izaha görə, “Yerusəlim” adı qədim Suriya və Kənan dini mühitində tanınan Şalem tanrısı ilə bağlıdır və “Şalemin qurduğu” mənasını daşıyır. Arxeoloji qazıntılar da Yerusəlimin qədim Kənan şəhəri kimi mövcud olduğuna işarə edir. Yəhudi müqəddəs mətnlərinə görə, peyğəmbər və sərkərdə Davudun şəhəri ələ keçirməsindən əvvəl isə Yerusəlim yebusilərin nəzarətində idi. Beləliklə, həmin mətnlərin özündə də israillilər şəhərin ilk sakinləri kimi deyil, sonradan ona hakim olan toplum kimi təqdim edilirlər. Sonradan hakim olduqları bu şəhər təxminən e.ə. 1000-ci ildən eramızın 70-ci ilinədək uzanan minillikdən artıq dövr ərzində israillilərin dini və siyasi həyatının mərkəzi olmuş, Tanrının vəd etdiyi və qoruyacağı müqəddəs məkan kimi qəbul edilmişdi. Bu bağlılıq şəhərin itirilməsinə də xüsusi məna verirdi: Yerusəlimin süqutu hərbi məğlubiyyətlə yanaşı, dini və milli fəlakət kimi yaşanırdı. Qədim israillilər bu miqyasda iki böyük fəlakətlə üzləşmişdilər. E.ə. 586-cı ildə Babil hökmdarı II Nebukadnezarın qoşunları Birinci Məbədi, eramızın 70-ci ilində isə romalılar İkinci Məbədi dağıdaraq Yerusəlimi viran qoymuşdular. Bu dağıntılar şəhər əhalisinin kütləvi qırğını, əsarəti və məcburi köçü ilə nəticələnmişdi. Hər iki Məbəd dövrü fərqli tarixi şəraitdə sona çatsa da, diqqətçəkən oxşarlıqlar da var idi. Qədim İsraildə hakim qüvvələr əvvəlcə regionun hegemon imperiyası ilə hesablaşırdılar. Sonradan müstəqilliyə can atan siyasi-dini çevrələr isə hegemona meydan oxumağı seçdilər. Lakin başları daxili çəkişmələrə qarışdığından regionda cərəyan edən prosesləri və qarşılarındakı gücün imkanlarını düzgün qiymətləndirə bilmədilər. Hegemonlara dair yanlış hesablamalar ağır fəlakətlərlə nəticələndi. Qədim dağıntı və sürgün yaddaşının Holokost travması ilə birləşməsi çağdaş İsrailin hakim elitalarının düşüncəsində dövlətin taleyi ilə xalqın fiziki varlığını eyniləşdirir: dövlətin itirilməsi yeni bir kütləvi məhvin başlanğıcı kimi qavranılır. Bu mənada müasir İsrailin hakim təbəqəsinin Yaxın Şərqi daim nəzarətdə saxlamaq istəyinin və mümkün təhdidlərə qarşı aqressiv önləyici addımlar atmasının siyasi və psixoloji səbəblərini həmin tarixi yaddaşda axtarmaq olar. Regional nüfuzlarını artırmağa çalışan İran və Türkiyə kimi dövlətlərin potensial düşmən kimi dəyərləndirilməsini də bu məntiqlə izah etmək mümkündür. Başqa sözlə, bu elitaların strategiyasının mərkəzində təxminən iki min il sonra yenidən ələ keçirilmiş Yerusəlimdə “üçüncü dağıntı”ya yol aça biləcək istənilən təhdidi yerindəcə boğmaq məntiqi dayanır. İsrailin xüsusilə dindar və sağcı elitaları bu narahatlığı açıq şəkildə dilə gətirirlər. Digər tərəfdən, qədim İsrailin yüksəliş dövrləri ilə müasir İsrail arasında diqqətçəkən bənzərliklər də var. Belə ki, hər iki örnəkdə geniş iqtisadi imkanlar, texnoloji yeniliklər və güclənən hərbi potensial ərazi genişlənməsi və hegemondan müstəqillik ambisiyalarının həyata keçirilməsində rol oynamışdır. Tarix boyu bir çox dövlətin oxşar ambisiyaları da məhz bu amillərə söykənmişdir. Bununla belə, qədim İsrail təcrübəsi siyasi ambisiyaları real güc imkanları ilə uzlaşdırmamağın fəlakətli nəticələrini göstərir. Bu yanlış hesablamalarda dini ideologiyadan qaynaqlanan seçilmişlik, başqalarına qarşı mənəvi üstünlük və ilahi himayəyə arxayınlıq düşüncəsinin rolunu da nəzərə almaq lazımdır. Armstronqun təsvir etdiyi zelotlar Tanrının Yerusəlimi qoruyacağına və Məbədin toxunulmazlığına inanaraq şəhərin süqutunu mümkünsüz sayırdılar. Çağdaş İsraildə xüsusilə sağcı və dindar qrupların mənimsədiyi müqəddəs torpaq və tarixi missiya təsəvvürləri də siyasi birliyi gücləndirməklə yanaşı, öz maddi və mənəvi gücünə həddindən artıq arxayınlığı qidalandırır. Ümumiyyətlə, siyasi quruluşların süqutu çox vaxt ərazi itkisi və kiçilmə ilə izah olunsa da, real güc imkanlarını aşan genişlənmə və siyasi ambisiyalar üzündən özünü məhvə sürükləmiş güc mərkəzlərinin sayı da az deyil: məsələn, Napoleon Fransası, H*tler Almaniyası və Yaponiya imperiyası… Çağdaş İsrail örnəyində məhvolma qorxusu hakim elitaları təhlükəsizliyin təminatını region üzərində daimi üstünlükdə axtarmağa sövq edir. Bu daimi axtarış isə ambisiyaların real güc imkanlarını aşması riskini daşıyır. Bu baxımdan, fikrimcə, müasir İsrailin siyasi gələcəyini də iki əsas amil müəyyən edəcək. Birincisi, Yaxın Şərqdəki genişlənmə strategiyasının harada dayanacağıdır. Qərbi Şəriyyə, Litani çayına qədərki ərazilər və Qolan təpələri kifayət edəcəkmi? İkincisi, ABŞ-la münasibətlərin gedişatıdır. Məlumdur ki, ABŞ-ın hərbi və diplomatik dəstəyi İsrailin regional manevr imkanlarının mühüm dayağıdır. Bununla belə, Amerika cəmiyyətində İsrailə münasibətdəki dəyişiklikləri və onların mümkün siyasi nəticələrini yanlış qiymətləndirmək Vaşinqtonla əlaqələri hətta qarşıdurmaya sürükləyə bilər. Hər halda, İsraildə ağlı başında olan heç kimsə ABŞ-ın başlıca xarici dayaqdan mövcudluğu təhdid edən hegemon gücə — yeni bir Babilə və ya Romaya çevrilməsini istəməz. Məncə, Armstronqun qədim İsrail tarixinə dair təsvirindən çıxara biləcəyimiz əsas siyasi nəticə budur: dövlətin yaşaması üçün təhlükəni görmək qədər öz gücünün limitlərini bilmək də həyati önəmdədir.
Open in TelegramƏslində, qədim dinləri günümüzə qədər yaşadan məğz də insanlığın ölümün o tayında nə olduğu sualına hələ də qəti cavab tapa bilməməsidir. Bu sual cavabsız qaldıqca, ona cavab verməyə çalışan dini düşüncənin də gündəmdən çıxmasını gözləmək sadəlövhlük olardı. Axı bir düşüncəni yalnız başqa bir düşüncə əvəzləyə və ya ortadan qaldıra bilər. Fəlsəfi cızmaqaradan gündəmə qayıdası olsaq, Füllerin din-siyasət formulundan çıxış edərək hicab məsələsinə və dinin ictimai həyatdakı digər təzahürlərinə dövlətin nəzarət etmək istəyini izah etmək mümkündür. Lakin burada nəzarətin məramı ilə yanaşı, onun metodları, zamanlaması və doğura biləcəyi nəticələr də incəliklə hesablanmalıdır. Qloballaşmanın hər birimizin evinə və beyninə nüfuz etdiyi, dini münaqişələrin getdikcə alovlandığı, eyni zamanda regional dövlətlərin dini ideologiyalarını ixrac etdiyi bir şəraitdə doğru hesablanmayan nəzarət mexanizmləri dini kəsimləri xarici müdaxiləyə daha həssas vəziyyətə sala bilər. Üstəlik, fərdi dini etiqadla siyasi məqsədlərə xidmət edən dini fəaliyyətin eyni təhlükəsizlik prizmasından qiymətləndirilməsi dövlətin qarşısını almağa çalışdığı riskləri daha da dərinləşdirə bilər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, dinə baxış plastilin kimidir. Ancaq bu plastilini istədiyin formaya salmaq heç də həmişə arzuolunan nəticəni vermir. Bir tərəfini sıxdıqca, digər tərəfi daha çox şişə bilər. Dünən süfrədən qovduğun, sabah masanın başında qarşına çıxa bilər. Nəzərə almaq lazımdır ki, 11 sentyabr hadisəsindən sonra İslama qarşı qlobal mübarizənin və repressiyanın simvoluna çevrilən Nyu Yorku 25 il sonra müsəlman kimliyi ilə öyünən bir mer idarə edir. Əslində, bu fakt Füllerin kitabında irəli sürdüyü fikirləri də yada salır. Müəllif hələ kitabın nəşr olunduğu 2010-cu ildə İslamın beynəlxalq siyasətdəki rolunun davam edəcəyini, geosiyasi şərtlər dəyişərsə, Qərbin İslama münasibətinin müsbət istiqamətdə dəyişə biləcəyini irəli sürürdü. Həqiqətən də, həmin dövrün ayaq səsləri artıq yavaş-yavaş eşidilir. Sürətlə dəyişən geosiyasi şəraitdə əsas məsələ təkcə dinə hansı forma verilməsi deyil, eyni zamanda onun hansı formalara düşə biləcəyini də doğru anlamaqdır. Çünki sabahın çağırışlarını dünənin təsəvvürləri ilə ram etmək mümkün olmaya bilər. @serqebaxis
Open in TelegramGündəmə dair müzakirələrə Qraham Füllerin “İslamsız dünya” kitabı ilə qoşulmaq istərdim. Mənzərəni daha aydın şərh etmək üçün əvvəlcə müəllif haqqında qısa məlumat vermək labüddür. Bir çoxlarının tanıdığı Fuller ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Yaxın Şərq üzrə tanınmış mütəxəssislərindən və rəhbər şəxslərindən biri olub. Fuller həmçinin “mülayim İslam” konsepsiyasının əsas ideoloqlarından biri hesab edilir. Hətta Türkiyədəki bəzi kəsimlər tərəfindən Füllerin ölkədə siyasi İslamın hakimiyyətə gəlməsində müəyyən rol oynadığı da iddia olunur. Kitabın adı bir qədər çaşdırıcı olsa da, əsərin əsas tezisi Füllerin uzun illər müdafiə etdiyi İslamla Qərb arasında qarşıdurmanın heç də qaçılmaz olmadığı düşüncəsinin davamı sayıla bilər. Müəllifin əsas iddiası budur ki, İslam aləmi ilə Qərb arasında mövcud qarşıdurmanın köklərini dini ziddiyyətlərdən daha çox tarixi və geosiyasi amillərdə axtarmaq lazımdır. Xüsusilə böyük Qərb dövlətlərinin Yaxın Şərq coğrafiyasında apardığı işğal və müstəmləkəçilik siyasəti İslamın regionda Qərbə qarşı müqavimətin ideoloji vasitələrindən birinə çevrilməsində mühüm rol oynayıb. Bir sözlə, Füller Yaxın Şərq ilə Qərb arasındakı gərginliyin əsasən geosiyasi zəmindən qaynaqlandığını, hətta İslam olmasaydı belə, bu qarşıdurmanın yenə də mövcud olacağını irəli sürür. Kitabın ruhunu əks etdirən əsas fikir də “dövlət üçün din ilahiyyatçıların öhdəsinə buraxılmayacaq qədər vacib məsələdir” düşüncəsidir. Füller bu yanaşmanı qədim dövrün paqan inanclarından başlayaraq İbrahimi dinlərin tarixinə qədər müxtəlif nümunələr üzərindən əsaslandırmağa çalışır. Bu yerdə tarixi ekskursiyaya çıxmaq əvəzinə, Füllerin tezisinə günümüzün siyasi reallıqları və yaxın coğrafiyamızdan baxmaq daha maraqlı olardı. Axı bu gün də dövlətlər və ya hökumətlər dini öz siyasi maraqlarına uyğunlaşdırmağa çalışırlar. Bəziləri dindən birləşdirici və yayılmacı vasitə, digərləri isə təhlükə və düşmən obrazı kimi istifadə edərək hakim siyasi gücə legitimlik qazandırmağa çalışırlar. İran, Türkiyə və Səudiyyə Ərəbistanında din həm daxili hakimiyyətin möhkəmləndirilməsinə, həm də xaricdə siyasi nüfuzun genişləndirilməsinə xidmət edir. İsraildə isə dini iddialar həm dövlətin qurulmasının, həm də durmadan genişlənməsinin legitim əsası kimi qələmə verilir. Dünyəvi dövlətlərin bir çoxu isə dini mövcud siyasi sistem üçün daimi təhlükə mənbəyi kimi təqdim edir. Lakin dini istər siyasi vasitə, istərsə də təhlükə kimi təqdim edənlər dinin və ya müvafiq məzhəbin bütün prinsiplərini deyil, əsasən siyasi hakimiyyətin maraqlarına uyğun gələn tərəflərini ön plana çıxarırlar. Bir sözlə, Füllerin tezisindən çıxan nəticəni belə ümumiləşdirə bilərik: dinə baxış plastilin kimidir, necə görmək istəyirsənsə, o şəklə də düşə bilir. Lakin din yalnız başqalarının ona vermək istədiyi formadan ibarət deyil. Onun elə bir gücü var ki, bir-birinin mövcudluğundan belə xəbərsiz olan milyonlarla insanı qardaşa çevirə, eyni ananın bətnindən çıxan iki doğma qardaşa isə bir-birini boğazlayacaq qədər nifrət aşılaya bilər. Həm Füllerin kitabında, həm də son ictimai müzakirələrdə müşahidə etdiyim əsas çatışmazlıq dinin, xüsusilə İslamın müstəqil ideoloji gücünə yetərincə diqqət ayrılmamasıdır. Bəzi şərhlərdə İslamı sadəcə “ərəb-fars” ideologiyası kimi təqdim etməyə çalışanlar var. Bəli, bu yanaşmada müəyyən həqiqət payı ola bilər, lakin ümumi mənzərəyə baxdıqda kifayət qədər səthi görünür. Çünki İslam yalnız VII əsr Ərəbistanının məhsulu deyil, kökləri qədim Mesopotamiyaya qədər uzanan Yaxın Şərq dini və mədəni düşüncəsinin mirasını daşıyır. Dinlərin siyasi, mədəni və iqtisadi güc mərkəzlərindən daha uzunömürlü olmasının səbəblərindən biri onların yalnız ictimai münasibətləri deyil, insan varlığının ən fundamental suallarını da izah etməyə çalışmasıdır. Bu sualların ən mühümü isə ölüm və ölümdən sonrakı mövcudluqla bağlıdır. Hətta İbrahimi dinlərdə dünya həyatı müvəqqəti, axirət həyatı isə əbədidir. Bu dünyadakı əzab və məhrumiyyətlər, həyatın özü belə axirətdə vəd edilən səadət naminə qurban verilə bilər.
Open in TelegramSon həftələrdə Avropada müharibə təbilləri çalınır. Avropalılar Rusiyanın mümkün hücumlarına hazırlaşırlar. Xüsusilə süngünün ucundakı Baltik hövzəsi və Şərqi Avropa ölkələri tikan üstündədir. Bəzi ölkələr Rusiya ilə danışmaq tərəfdarı olsa da, əksər ölkələr NATO çətirinə güvənirlər. Mümkün toqquşmalarla bağlı “yaxşı” halda Rusiyanın kütləvi dron hücumları, “pis” halda isə rus ordusunun Baltik ölkələrinə quru hücumu ssenariləri dilə gətirilir. Hər halda yaşadığımız bu çalxantılı dövrdə ağlasığmaz görünən ehtimallar belə istisna oluna bilmir. Beynəlxalq arenadakı hazırkı vəziyyət bir vaxtlar müzakirə etdiyimiz Vallerşteynin “xaotik qeyri-müəyyənlik” təsvirini xatırladır. Həqiqətən də, beynəlxalq siyasətdə aktorların ortaq məxrəcə gələ bilmədiyi bir xaos hökm sürür. Mövcud nizam dağıldıqca hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən etmək də getdikcə çətinləşir. Elə buna görə də ehtimallardan daha çox suallar önə çıxır. Bəlkə də hazırkı mənzərəni təsvir etməyin ən doğru yolu lazımi sualları verməkdir. NATO yəqin ki, tarixinin ən böyük sınağını verəcək. Təşkilat barədə onillərdir dilə gətirilən bəzi suallar öz cavabını gözləyir. Məsələn, kollektiv müdafiə halında təşkilat vahid güc kimi çıxış edə biləcəkmi? Əlbəttə ki, ilkin şoklarda və ya qısamüddətli toqquşmada effektiv ortaq reaksiya gözləniləndir, bəs müharibə uzansa və genişmiqyaslı vüsət alsa necə? NATO-nun şərq cinahındakı kiçik ölkələr Rusiyaya qarşı müharibənin səngərinə çevrilmək istəyərmi? Bəs Qərbi Avropanın rifah içindəki xalqları “geridə qalmış” şərqi avropalılar üçün həyatından keçməyə hazırdırmı? Və ya NATO-nun ən önəmli güclərindən olan Türkiyə Şərqi Avropa üçün yaxın məsafədəki Rusiyaya cəbhə açacaqmı? İndi isə keçək əsas məsələyə. Qoca Qitənin əsas “ümid”i hazırda Trampın prezident olduğu ABŞ-dır. Buna ümid demək olarsa… Çünki Trampın Avropaya dair yanaşması Putindən o qədər də fərqlənmir. Avropanın ənənəvi müttəfiqliyinə dırnaq arası baxan Tramp ictimaiyyət önündə dəfələrlə Qoca Qitə liderlərinə “vassal” münasibəti göstərərək aşağılayıb. Trampın Avropadan tələbləri də heç də Putindən az deyil. Müdafiə xərclərini artırın, böyük ordu toplayın, Çinə qarşı münasibətdə amerikan xəttini izləyin, İrana qarşı müharibəyə əsgər göndərin… Bir sözlə, təhlükəsizlik və enerji böhranı fonunda Avropanı çox çətin qış gözləyir. Bir tərəfdə XIX əsr təfəkkürü ilə qollarını çırmalayan Putin, digər tərəfdə sələmçi təfəkkürü ilə əllərini ovxalayan Tramp. “Ver yeyim, ört yatım” təfəkkürü ilə yoğrulmuş “Vahid Avropa” arzusu iki tərəfi də kəskin qılınc altında geosiyasətin yeni reallıqları ilə üzləşməli olacaq. @serqebaxis
Open in TelegramHörmüz boğazında hərəkətin kəskin azalması, enerji qiymətlərinin yüksək qalması və ABŞ-ın hərbi-strateji ehtiyatlarının tədricən əriməsi mövcud vəziyyətin tezliklə dəyişməsini tələb edir. Tehran həm uranı verməkdən, həm də Hörmüz məsələsində geri çəkilməkdən imtina edərsə, ABŞ qarşısında yeganə seçim qalacaq: daha böyük hərbi eskalasiya. Bir sözlə, əgər diplomatiya nəticə verməsə, payıza doğru hər iki cəbhədə temperatur yenidən yüksələ bilər. ABŞ-İsrail tandemi İranın nüvə rıçağını əlindən almaq üçün daha kompleks hərbi kampaniyaya, hətta məhdud quru əməliyyatlarına əl ata bilər. Məqsəd təkcə nüvə infrastrukturunu vurmaq deyil, həm də Tehran üçün vəziyyəti nəzarətdə saxlaya bilməyəcəyi həddə çatdırmaq ola bilər. Putin isə Yaxın Şərqdə yaranan fürsət pəncərəsindən Ukrayna və NATO-nun şərq cinahında təzyiqi artırmaq üçün istifadə edə bilər. Beləcə, hər iki tərəf masa arxasında ala bilmədiyini cəbhədə qazanmağa çalışacaq. Hansı ssenarinin gerçəkləşəcəyini zaman göstərəcək. Amma bir məsələ getdikcə daha aydın görünür: İran və Ukrayna artıq iki ayrı müharibə deyil, taleyi eyni masada müzakirə edilən vahid siyasi tənliyə çevrilib. @serqebaxis
Open in TelegramSon həftələrdə İran və Ukrayna cəbhələrinin tədricən eyni süjet xətti üzərində birləşdiyi sezilir. Əlbəttə, silah-sursat təminatından enerji və ərzaq təhlükəsizliyinədək bu iki müharibənin qlobal proseslərə ortaq təsirləri əvvəldən də mövcud idi. İndi isə hər iki cəbhə ABŞ və Rusiya arasında böyük siyasi “alış-veriş”in predmetinə çevrilir. CIA direktoru Con Retklifin ötən günlərdə Moskvaya müəmmalı səfəri də bu baxımdan diqqət çəkir. ABŞ mediasına görə, İran müharibəsinin Vaşinqtonun diqqətini və hərbi resurslarını Yaxın Şərqə bağlaması Moskva üçün Ukrayna cəbhəsində yeni fürsət pəncərəsi açıb. Retklifin Rusiya rəhbərliyinə də məhz bu xüsusda Ukraynada vəziyyəti daha da gərginləşdirməmək barədə xəbərdarlıq etdiyi iddia olunur. Bəs iki cəbhəni bir masada birləşdirə biləcək sövdələşmə necə görünə bilər? İran cəbhəsində əsas düyün nüvə məsələsidir. Həm ABŞ, həm də İsrail İranın nüvə silahı əldə etməsini qırmızı xətt elan edib. Ancaq aylarla davam edən bombardman İranın əsas nüvə rıçağını aradan qaldırmayıb. Tehranın yarım tona yaxın yüksək zənginləşdirilmiş uran ehtiyatının dəqiq taleyi hələ də məlum deyil. Burada isə Rusiya səhnəyə çıxa bilər. ABŞ-İran danışıqları zamanı Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını müəyyən şərtlər daxilində yalnız Rusiyaya təhvil verməyə hazır olduğu iddia edilirdi. Bu mexanizm işə düşərsə, yəni zənginləşdirilmiş uran üçüncü ölkəyə təhvil verilərsə, Tramp İran cəbhəsindən “uğur” görüntüsü ilə çıxa bilər. İranın nüvə silahına gedən yolu bağlanar, İsrailin əsas tələbi təmin edilər, Vaşinqton isə Yaxın Şərq bataqlığından çıxaraq diqqətini Çinə yönəldə bilər. Amma burada başqa sual yaranır: Rusiya niyə bunu qarşılıqsız etsin? Əksinə, yuxarıda da qeyd olunduğu kimi, İran müharibəsi Moskva üçün “göydəndüşmə” sayıla bilər. ABŞ-ın diqqəti və hərbi resursları Yaxın Şərqə yönəlir, Ukraynaya verilə biləcək silah ehtiyatları azalır, enerji bazarlarındakı gərginlik isə Rusiyanın maraqlarına işləyir. Belə olan halda, Putinin Tehran üzərindəki təsirini Vaşinqtona qarşılıqsız təqdim edəcəyini düşünmək sadəlövhlük olardı. Əksinə, İranın uranını Rusiyaya verməsi və Moskvanın nüvə razılaşmasının əsas vasitəçisinə çevrilməsi Kremlin əlində olduqca güclü rıçağa çevrilə bilər. Putin üçün İran müharibəsinin davam etməsindən daha sərfəli bir şey varsa, o da bu müharibəni bitirmək üçün Vaşinqtonun Moskvaya möhtac olmasıdır. Bəs bunun qarşılığında Rusiya nə istəyə bilər? Cavabın bir hissəsini Ukraynada axtarmaq lazımdır. Tramp hökuməti NATO-nun ABŞ üçün həddən artıq böyük maliyyə yükü olduğunu və “Soyuq müharibə” dövrünə aid köhnəlmiş struktura çevrildiyini dəfələrlə dilə gətirib. Pentaqon da Amerikanın Avropadakı hərbi mövcudluğunun azaldılmasını nəzərdə tutan müxtəlif variantları nəzərdən keçirir. Konqres ABŞ-ın NATO-dan rəsmən çıxmasını çətinləşdirə bilər, amma Vaşinqton NATO-dan rəsmi olaraq çıxmadan da Avropadakı hərbi iştirakını ciddi şəkildə azalda bilər. NATO-nun şərqə genişlənməsinin dayandırılması, Ukraynanın alyansa üzvlüyünün faktiki olaraq gündəmdən çıxarılması və ABŞ-ın Avropadakı hərbi güclərinin azalması Kremlə Ukrayna macərasını “uğur” kimi göstərmək imkanı verə bilər. Yəni, Ukraynadan qoparılan ərazilərin üzərinə NATO təhlükəsinin neytrallaşdırılması da əlavə olunarsa, Putin də Ukrayna bataqlığından “başıuca” çıxış fürsəti qazana bilər. Lakin bu sövdələşmənin ən böyük açarı yenə Tehranın əlindədir. İran zənginləşdirilmiş uranı niyə versin? Tehran üçün həmin ehtiyat yalnız nüvə proqramının məhsulu deyil, həm də rejimin təhlükəsizlik sığortasıdır. İran rəhbərliyi üçün ilk sual məlumdur: uranı üçüncü ölkəyə təhvil verdikdən sonra ABŞ və İsrailin yenidən hücum etməyəcəyinə kim zəmanət verəcək? Üstəlik, Tehran məhz iki dəfə danışıqlar apardığı bir vaxtda hücuma məruz qalıb. Belə şəraitdə Vaşinqtondan gələn kağız üzərində Tramp imzalı təhlükəsizlik təminatının yarım tona yaxın zənginləşdirilmiş urandan daha qiymətli olduğuna yəqin ki, Tehranda heç kim inanmır. Amma Vaşinqtonun da vaxtı çox deyil.
Open in Telegramİsrail ilə Türkiyə qaynar toqquşmanın bir addımlığındadır. 18 avqustda İsrail qırıcılarının Türkiyə sərhədindən 70 km aralıda yerləşən Suriya hərbi hava bazasını bombalamasından sonra hər iki tərəf müharibə təbilləri çalır. İsrail rəsmiləri Türkiyənin Suriyada hərbi cəhətdən möhkəmlənməsinə imkan verməyəcəklərini bəyan edir, Türkiyə rəsmiləri isə Suriya ilə hərbi əməkdaşlığı davam etdirəcəklərini vurğulayırlar. İsrail elitasına yaxın mediada birbaşa toqquşma ehtimalı istisna olunsa da, Türkiyənin Suriya və Kiprdəki hərbi mövcudluğunun İsrail ordusu üçün legitim hədəfə çevrilə biləcəyi qeyd olunur. Bir çoxları Təl-Əviv-Ankara gərginliyini Netanyahu-Ərdoğan ikilisi üzərindən dəyərləndirir, hətta İsrailin son hücumları cari ilin oktyabrında ölkədə keçiriləcək seçkilərlə də əlaqələndirilir. Lakin hələ ötən ilin sentyabrından etibarən həm İsrail hərbi elitası, həm də ABŞ-dakı yəhudi lobbisinin öndə gələn şəxsləri Türkiyəni növbəti hədəf kimi təqdim etməyə başlayıblar. Hətta İsrailin sabiq müdafiə naziri Yoav Qallant fevralın 28-də İrana qarşı başladılmış əməliyyatdan bir gün əvvəl məqalə yazaraq Türkiyəni İsraillə anlaşmağa çağırmış, əks halda müharibənin qaçılmaz ola biləcəyini açıqlamışdır. Yəni Türkiyənin hədəf seçilməsi İsrailin dövlət siyasətinin tərkib hissəsi hesab olunmalıdır. Netanyahu ən yaxşı halda bunun zamanlaması üzərində oynayaraq seçki öncəsi mövqelərini gücləndirmək istəyə bilər. O ki qaldı əsas suala… İsrail və Türkiyəni müharibəyə sürükləyən nədir? Qısa cavab verməli olsaq, bunu deyə bilərik: ABŞ-ın Yaxın Şərqi tərk etməyə hazırlaşması fonunda regionda yaranacaq güc boşluğu hər iki tərəfi cəzb edir. Bölgədə yeni mənzərə formalaşır və bəlkə də bu mənzərədə bəzi sərhədlər də dəyişəcək. Belə böhran anları regional ambissiyaları olan güclər üçün tarixi fürsət pəncərəsidir. İsrail regionu “İbrahim Sazişləri” əsasında öz ətrafına toplamağa çalışır, Türkiyə isə bölgədə “sünni çətiri” genişləndirərək dominant gücə çevrilmək məqsədindədir. Bu baxımdan İsrail-Türkiyə qarşıdurmasını iki lider arasındakı şəxsi düşmənçilikdən daha çox, Yaxın Şərqdə post-Amerika nizamı uğrunda mübarizə kimi oxumaq daha doğru olar. İranın zəifləməsi və ABŞ-ın regional təsirinin azalması İsrail və Türkiyə arasındakı maneələri aradan qaldıraraq maraq toqquşmasını qaçılmaz edir. Bundan sonrakı gedişat iki ssenarini düşündürür. Ya Təl-Əviv və Ankara qaynar toqquşmadan yayınmaq üçün Qallantın da dediyi kimi ortaq dil tapmalı olacaqlar, ya da hər iki tərəf birbaşa hərbi təmasın da daxil olduğu münaqişəyə sürüklənəcəklər. Məncə, məhdud hərbi toqquşma da real ssenaridir. Tərəflər əvvəlcə meydanda güclərini göstərib, buna uyğun olaraq masaya otura bilərlər. Hər halda tarix bizə göstərir ki, qılınc qından çıxmadan Yaxın Şərqdə hökmranlıq qurmaq mümkün deyil. @serqebaxis
Open in TelegramTramp İran ilə bağlı “bu gecə bir sivilizasiya məhv ediləcək və geri dönüşü olmayacaq” ultimatumunu səsləndirib və razılaşma üçün İran tərəfinə çağırış edib (İran rəhbərliyinə Bakı vaxtı ilə saat 04:00-a qədər möhlət verilib). Trampın İrana qarşı “ultimatum”ları Putinin Ukraynadakı “qırmızı xətləri”ni xatırladır. Təbiəti etibarilə ultimatumlar nə qədər çox dilə gətirilirsə, bir o qədər real təsirini itirir və psixoloji təzyiq vasitəsinə çevrilir. Bu mənada, Trampın son ultimatumunun “anlaşma”ya hesablandığı şübhəsizdir. Aydındır ki, Tramp münaqişədən çıxış yolu axtarır. Üfüqdə hərbi həll yolu görünmür. Dünya iqtisadiyyatında və enerji bazarlarındakı gərginlik də müharibənin davamını çətinləşdirir. Xüsusilə, Trampın son dövrlərdə səsləndirdiyi “İranda rejim artıq dəyişib, yeni hakimiyyət var” fikirləri İran məsələsində Vaşinqtonun kompromisi kimi qəbul oluna bilər. Yəni, Tramp müharibəyə başlayarkən qarşıya qoyduğu iki əsas məqsəddən biri olan “rejim dəyişikliyi”ni artıq başa çatmış kimi təqdim edir və bu çərçivədə İranın mövcud hakimiyyəti ilə “yeni rejim” kimi sövdələşməyə hazır olduğunu göstərir. Əvəzində isə Tehrandan müharibənin digər əsas məqsədi olan “zənginləşdirilmiş uranium” məsələsində kompromis gözlənilir. İranın uranium ehtiyatlarını təhvil verməsi Tramp üçün münaqişəni “zəfər” narrativi ilə yekunlaşdırmaq və İsraili də “razı salmaq” baxımından kifayət edə bilər. Xüsusilə nəzərə alsaq ki, ötən günlərdə ABŞ xüsusi təyinatlılarının “pilot xilasetməsi” adı altında “zənginləşdirilmiş uranium”u İsfahandan çıxarmaq cəhdi uğursuzluqla nəticələnib, bu məsələdə qarşılıqlı razılaşmadan başqa yol qalmır. İran rəhbərliyi üçün isə seçimlər daha mürəkkəbdir. Çünki ABŞ tərəfi əvvəlki razılaşmalara əməl etməyib. 2015-ci ildə Obama administrasiyası ilə imzalanmış sazişdən Trampın imtina etməsi bu gün hər hansı yeni razılaşmaya etimadı ciddi şəkildə zəiflədir. Trampla imzalanacaq sazişdən növbəti administrasiyanın çıxmayacağına heç kim zəmanət verə bilməz. Belə bir reallıqda, İranın əlindəki əsas rıçaq olan “zənginləşdirilmiş uranium” ehtiyatlarını təhvil verməsi böyük qumardır. Ukrayna, İraq və Liviya nümunələri göstərir ki, nüvə məsələsində güzəştlər müəyyən pauza yaratsa da, uzun perspektivdə eyni sonluq ortaya çıxır. Amma indiki vəziyyət də son dərəcə kritikdir, İran gələcəkdə nüvə gücünə çevrilə bilmək imkanını qorumaq üçün mövcud infrastrukturunu zərbə altında qoymalıdır. Bir sözlə, Vaşinqton müharibədən tezliklə çıxış yolu, İran isə uzunmüddətli “paket həll” variantı istəyir. İstənilən halda, mən hələ də eskalasiya yerinə, diplomatiya ilə nəticənin hasil olacağına daha çox ehtimal verirəm. @serqebaxis
Open in Telegramİran ordusu son saatlarda diqqətçəkici həmlələr edir. Əvvəlcə, ölkədən 4000 km uzaqlıqda, Hind okeanında yerləşən ABŞ və Britaniyanın nəzarətindəki Diego Garcia hərbi bazası istiqamətində ballistik raket atmaqla, İran ordusu ilk dəfə 2000 km-dən daha uzaq məsafəyə raket atışı qabiliyyətini nümayiş etdirdi. İrandan 4000 km-lik məsafə Londona qədər əksər Avropa paytaxtlarını əhatə edir. Aydındır ki, Tehranın bu həmləsi ABŞ-ın İrana qarşı yaratmaq istədiyi koalisiyaya qoşulmaq fikrində olan Avropa ölkələrinə xəbərdarlıq məqsədi daşıyır. Daha sonra İran ordusu tərəfindən İsrailin əsas nüvə infrastrukturunun yerləşdiyi Dimona şəhərinə atılan ballistik raketlər hava hücumundan müdafiə sistemlərini aşaraq şəhərə zərər vurdu. İran tərəfi Dimonaya yönələn zərbələrin özünün Natanz nüvə obyektinə edilən hücuma cavab olduğunu bildirsə də, bu, həm də münaqişənin nüvə müstəvisinə keçəcəyi təqdirdə Tehranın əlinin boş olmadığına işarədir. Gərginliyin bu qədər yüksəlməsi danışıqlar ehtimalını artırır. Çünki bir qayda olaraq, tərəflər gözlənilən danışıqlar masasında mövqeyini gücləndirmək üçün meydanda yeni qabiliyyətlərini nümayiş etdirməyə çalışırlar. Hərbi çəkindirmə vasitəsilə diplomatiya üçün əlavə manevr imkanlarının yaradılması Tehranda ciddi güc boşluğunun mövcud olduğu və ordunun mərkəzdən asılı olmadan özbaşına hərəkət etdiyi barədə iddiaları da təkzib edir. Bununla da, İran tərəfi yüksək səviyyəli rəsmilərinin öldürülməsinin idarəçilik sistemində xaos yaratmadığına dair mesaj verir. Bir sözlə, İran rəhbərliyi çoxtərəfli hərbi-psixoloji gedişlər edir. Doğru istifadə olunacağı təqdirdə, hərbi-psixoloji həmlələr müharibənin gedişatına hərbi-texniki imkanlardan belə güclü təsir göstərə bilir. @serqebaxis
Open in TelegramTrampın İranı “ələ keçirmək” təşəbbüsünü fiyasko kimi xarakterizə etmək yanlış olmaz. Müharibənin 17-ci günündə ABŞ hələ də İrandakı strateji hədəflərinə çata bilməyib. Ölkə daxilində nəzarəti qoruyan “Sepah” isə müharibənin bir nömrəli səbəbi olan 400 kq zənginləşdirilmiş uranı hələ də əlində saxlayır. Körfəzdə yaranan xaos və xüsusilə Hörmüz boğazı ətrafında formalaşan böhran ABŞ rəhbərliyinin bu müharibəyə tam hazırlıqlı olmadığını açıq şəkildə göstərdi. Yaxın Şərqdəki taktiki vəziyyəti bir kənara qoysaq, bu müharibənin Vaşinqton üçün ən ağır nəticəsi prestij itkisidir. Prestij böyük dövlətlər üçün sadəcə imic məsələsi deyil, beynəlxalq siyasətdə gücün əsas sütunlarından biridir. Çünki bir çox hallarda prestij vasitəsilə, hərbi güc tətbiq etmədən belə strateji nəticələr əldə etmək mümkündür. Prestij itkisi isə rəqibləri cəsarətləndirərək, statuskvonun dəyişməsinə yol açır. Məhz buna görə də bəzi hallarda prestijin qorunması müharibənin hərbi nəticəsindən belə daha böyük siyasi əhəmiyyət daşıyır. Tarix göstərir ki, bu səbəbdən dövlətlər reallıqdan uzaq, hətta rasional olmayan qərarlar verməyə hazır olurlar. ABŞ-ın Vyetnamda, SSRİ-nin isə Əfqanıstanda uğursuzluqla bitən macəraları prestij amilinin dövlətləri çıxılmaz münaqişələrə sürüklədiyinə dair örnək kimi verilə bilər. Hazırda Tramp Administrasiyasının İranda üzləşdiyi dilemma müəyyən mənada 2022-ci ilin martında Putin hakimiyyətinin Ukraynada qarşılaşdığı vəziyyəti xatırladır. Sürətli hərbi əməliyyatla Kiyevdə istədiyini əldə edə bilməyən Kreml rəhbərliyi əvvəlcə danışıqlar yolu ilə prestij itkisini minimuma endirməyə çalışdı. Lakin apreldə İstanbul danışıqlarının nəticəsiz qalmasından sonra Rusiya rəhbərliyi üçün genişmiqyaslı müharibə qaçılmaz oldu. Prestij itkisi Putini faktiki olaraq “Ukrayna Rusiyanın tələblərini qəbul etmirsə, bunun bədəlini ödəyəcək” yoluna sövq etdi. Məncə, bənzər gedişatı ABŞ-ın daxili siyasi mühitində müşahidə etmək olar. Son həftələrdə Tramp Administrasiyası müharibə əleyhdarı “təcridçi” fiqurları kənarlaşdırır, əvəzində isə müharibə tərəfdarı olan İsrailyönümlü fiqurlar ön plana çəkilir. Bu isə Vaşinqtonda İrana qarşı uzunmüddətli və daha genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq getdiyinə işarə edir. Güman ki, böyük eskalasiyadan əvvəl ABŞ və İran arasında müəyyən danışıqlar aparılır və ya tezliklə aparılacaq. Bu münaqişədə Tramp üçün prestijin qorunmasının ən real yolu İran rəhbərliyinin əlindəki 400 kq zənginləşdirilmiş uranın təhvil verməsi ola bilər. Aydındır ki, bu ssenari İsraili də qane edəcək. Lakin zənginləşdirilmiş uran ehtiyatları “Sepah”ın əlindəki ən mühüm strateji rıçaqdır və bəlkə də rejimin gələcəyi üçün yeganə təminat sayılır. Bu baxımdan üçüncü tərəflərin ciddi təhlükəsizlik zəmanətləri olmadan belə bir addımın atılması inandırıcı görünmür. Bununla belə, strateji nəticəsindən asılı olmayaraq böyük güclə müharibə orta və kiçik miqyaslı dövlətlər üçün demək olar ki, həmişə faciə ilə nəticələnir. Aşkar hava üstünlüyünə malik ABŞ-la uzunmüddətli müharibə İran dövlətçiliyini həm hərbi, həm də mülki infrastruktur baxımından onilliklər boyu geriyə sala bilər. İran rəhbərliyinin ölkəni yeni Vyetnama, Əfqanıstana və ya Ukraynaya çevirmək niyyətində olduğuna, belə bir bədəl ödəmək istədiyinə inanmaq çətindir. Bu baxımdan, Ukraynadan fərqli olaraq, İran diplomatiyasının ölkənin poliqona çevrilməsinin qarşısını almaq üçün son anda lazımi manevri edəcəyini düşünürəm. @serqebaxis
Open in TelegramHəqiqətən də tarixi sınaqdan keçirik… Görünən odur ki, yeni geosiyasi reallıqlar bölgənin mövcud xəritəsinə sığmır.
Open in TelegramTürkiyənin mümkün İran strategiyasını təhlil edərkən iki amil mütləq şəkildə diqqətdə saxlanılmalıdır: Birincisi, Türkiyə kimi regional ambisiyaları olan bir dövlətin qonşuluğunda, xüsusilə İran kimi müstəsna geostrateji önəm kəsb edən coğrafiyada baş verən böyük münaqişədən kənarda qalmaq istəyəcəyini və qalacağını düşünmək real deyil. İkincisi isə, Ankaranın addımlarının yalnız spontan hadisələrə reaktiv şəkildə formalaşacağı inandırıcı deyil. Türkiyə rəhbərliyinin İran məsələsində uzun müddətdir hazırlıq gördüyü strateji planının olduğu şübhəsizdir. Ehtimal etmək olar ki, bu hazırlıq prosesi “ikinci Çözüm süreci” ilə başlayaraq Suriyada Əsəd sülaləsinin devrilməsi və son nəticədə kürd muxtariyyətinin süqutuna qədərki mərhələni əhatə edib. İlin əvvəlində, Suriyada kürd muxtariyyətinin faktiki olaraq ləğv olunduğu günlərdə Türkiyənin İran məsələsində öz strateji qərarını verdiyi barədə müzakirələr də aparmışdıq. Ətraflı təhlil olacaq… @serqebaxis
Open in Telegramİrana quru əməliyyatı müzakirə olunur… Dünən əvvəlcə ABŞ-ın müdafiə katibi, daha sonra Prezident Tramp İrana quru əməliyyatının istisna olmadığını dilə gətirdi. İsraildən də quru əməliyyatının mümkünlüyünə dair açıqlamalar verilir. İsrail elitası müharibə fürsətinin bir də ələ düşməyəcəyini düşünür və İran məsələsinin tamamilə yekunlaşmasını istəyir. İsrail Ordusunun ehtiyatda olan 100 min əlavə əsgəri səfərbər etdiyi də bildirilir. Quru əməliyyatı ehtimalı barədə daha öncə də müzakirə açmışdıq. Əlbəttə ki, İranın mürəkkəb relyefinə nəzər salsaq, quru əməliyyatı faktiki intihar kimi görünür. Bununla belə, ABŞ və İsrail rəhbərliyinin müharibə ilə bağlı elan etdiyi hədəflərə quru əməliyyatı olmadan çatmaq mümkün görünmür: rejimin dəyişilməsi; zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi; nüvə kompleksləri və ballistik raket proqramının məhv edilməsi. Təkcə hava qüvvələri ilə bu məqsədlərə nail olmaq real deyil. Beləliklə də, quru əməliyyatı istisna olunmur… Böyük ehtimal ki, quru əməliyyatdan öncə ABŞ və İsrail tərəfindən həm İran daxilində separatizmin alovlandırılması, həm də fərqli istiqamətlərdən müxtəlif qüvvələrin müdaxiləsi nəzərdən keçiriləcək. Bu çərçivədə daxildə bəluç və kürd separatistlərin silahlandırılması, şərq sərhədlərindən Talibanın, Yaxın Şərqdən isə sələfi-cihadçı qrupların İrana yeridilməsi ehtimalı var. Artıq mətbuatda ABŞ və İsrailin kürdlərə dair real planının olduğu, hətta İsrail qırıcılarının məqsədli şəkildə kürdlərin yaşadığı ərazilərdə Sepah mövqelərini bombardıman etdiyi iddia olunur. Bir sözlə, geniş perspektivdə quru əməliyyatı proksi müharibəsi, yəni İranda 2013-14-cü illərin Suriya ssenarisinin həyata keçirilməsi deməkdir. Aydındır ki, belə bir gedişatda Sepah da region ölkələrindən şiə milisləri İrana cəlb edəcək. Sözsüz ki, İranının Suriyalaşması baş verərsə, bizi yaxından maraqlandıran əsas məsələ həm Cənubi Azərbaycanda və həm də ümumilikdə İranda yaşayan soydaşlarımızın taleyidir. Burada iki real təhlükəni sezmək olar. Birincisi, Sepah tərəfindən Cənubi Azərbaycan gənclərinin proksi və ya məzhəb müharibəsinə cəlb edilməsidir. Burada söhbət yüzminlər və ya milyonlardan gedir. İkincisi, İranın qərb sərhədlərində kürdlər və Cənubi Azərbaycan türkləri arasında bir müddətdir alovlanan toqquşmanın etnik müharibəyə çevrilməsidir. Tarixə qısa səfər etsək, XIX əsrin sonlarına doğru çöküş dövrünü yaşayan Osmanlı İmperiyasının şərq sərhədlərində alovlanan erməni separatizminə qarşı regionda yaşayan kürd yaraqlılarından istifadə etdiyini xatırlatmaq mümkündür. Yəni, böyük dövlətlər böhran anında daxildəki etnik münaqişələrdən məharətlə yararlana bilir. Bu baxımdan, İran mərkəzi hakimiyyəti də hər iki tərəfi zəiflətmək üçün kürd və türk etnik münaqişəsini qızışdıra bilər. Ümid edək ki, belə bir tarixi sınaq ortaya çıxsa Azərbaycan-Türkiyə müttəfiqliyi doğru addımları seçəcək. Təbii ki, bütün bunlar uzunmüddətli ehtimallardır, növbəti həftələrdəki gedişat həlledici olacaq. Hava müharibəsinin dalana dirənməsi münaqişənin yeni mərhələyə keçidini qaçılmaz edə bilər… (Qeyd: Xəritədəki göstəricilər şərtidir) @serqebaxis
Open in TelegramBir neçə saatdır ABŞ daxili siyasəti eyni məzmunlu iki fərqli açıqlama ilə çalxalanır. Həm spiker Mayk Conson, həm də dövlət katibi Marko Rubio bildiriblər ki, “İsrail İrana hücum etməyi qərarlaşdırmışdı və İranın cavab zərbələrində ABŞ-ı da hədəf alması qaçılmaz idi. Bu səbəbdən biz ilkin zərbə endirməli olduq”. Bu açıqlamalar ictimaiyyətdə “ABŞ-ın müharibə qərarını İsrail verib” etirazlarını alovlandırıb. Daha da maraqlısı budur ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədə İsrail ilkin hücumu təkbaşına həyata keçirdiyi üçün İran cavab zərbələrində ABŞ bazalarını hədəfə almamışdı. İran yalnız ABŞ-ın B-2 bombardmançı təyyarələri nüvə obyektlərini vurduqdan sonra Qətərdəki Amerika bazasına əvvəlcədən məlumatlandırılmış, simvolik cavab zərbələri endirmişdi. Bu baxımdan Rubio və Consonun iddiaları şübhə doğurur. Böyük ehtimal ki, Trampın budəfəki müharibəyə qoşulmasının arxasında başqa səbəblər dayanır. İstənilən halda, Trampın yaxın çevrəsi vasitəsilə “müharibə İsrailin istəyi idi” mesajını ötürdüyü barizdir. Təbii ki, bu açıqlamalar Trampın nüfuzuna ciddi mənfi təsir göstərir. Çünki ictimaiyyətdə onun İsrailə “yox” deyə bilmədiyi və Netanyahunun istəyi ilə hərəkət etdiyi barədə təsəvvür formalaşır. Qısa perspektivdə bu geosiyasi proseslərin ən böyük qalibi isə Netanyahudur. İsrailin Baş naziri, 30 ildən çoxdur ölkəsinin hədəflədiyi məqsədə nail ola bilib: İsrail üçün ekzistensial təhdid sayılan İranla müharibəyə ABŞ-ı da cəlb etmək. Lakin bu müharibədə Netanyahu üçün daha vacib şəxsi motiv də var. Cari ilin payızında İsraildə seçkilər keçiriləcək. Aydındır ki, Netanyahu seçkilərə 7 oktyabr 2023-cü ildən etibarən başlatdığı İran və “müqavimət şəbəkəsi”nə qarşı mübarizədə topyekun qələbə ilə getmək istəyir. Əgər İranda da istədiyini əldə edərsə, onun seçkilərdə qalib gəlməsi və 2022-ci ildən bəri mürəkkəb koalisiyada olduğu radikal-dindar siyonist qüvvələrdən “qurtulması” real görünür. Lakin Netanyahunun İran müharibəsi ilə bağlı bu riskli oyunu uzunmüddətli perspektivdə həm İsrail, həm də ABŞ-dakı yəhudi icması üçün ciddi təhlükələr yarada bilər. Çünki ABŞ ictimai dəstəyi İsrail üçün həyati əhəmiyyət daşıyır. Bayden dövründə Qəzza müharibəsi Demokrat Partiyanın seçici bazasının böyük hissəsində İsrailə və Netanyahuya qarşı mənfi münasibətin formalaşmasına səbəb olmuşdu. Böyük ehtimal ki, Trampın İranla müharibəyə cəlb olunması Respublikaçı Partiya və MAGA hərəkatında da İsrailə və Netanyahuya müsbət münasibəti kəskin dəyişdirə bilər. Nə qədər qəribə səslənsə də, uzunmüddətli perspektivdə bu prosesin mümkün qazananlarından biri Türkiyə ola bilər. İsrailin Türkiyə ilə regional rəqabətə hazırlaşdığı məlumdur. ABŞ-da ictimai rəyin İsrail əleyhinə dəyişməsi Tel-Əvivin Ankaraya qarşı strategiyasında manevr imkanlarını zəiflədə və aqressivliyini azalda bilər. Bir sözlə, ABŞ və İsrail arasında mümkün soyuqlaşma Türkiyə üçün daha geniş diplomatik manevr sahəsi yarada bilər. @serqebaxis
Open in TelegramGörünən odur ki, Tramp bu dəfə baltanı daşa vurub. İran ordusu müharibəni genişləndirməyi və uzatmağı bacarıb. İranın xüsusilə, Körfəzi ağır bombardıman etməsi gedişata ciddi təsir göstərə bildi. Tramp hökuməti üç məsələdə yanıldı: siyasi və hərbi liderlərin öldürülməsi Tehranda rejim dəyişikliyi üçün güc boşluğu yaratmadı; geniş xalq üsyanı başlamadı; İrandakı proseslərin qısamüddətli həll yolu mövcud deyil. Böyük ehtimal ki, Tramp hökuməti Xameneyinin öldürülməsindən dərhal sonra yeni rəhbərlik ilə razılıq əldə olunacağını və müharibənin sonlanacağını planlaşdırmışdı. Amma hadisələr fərqli gedişat üzrə inkişaf edir. Tramp dünən axşamkı çıxışında “Sepah”ı silahı yerə qoymağa çağırdı. Bu da göstərir ki, İranda iplər siyasi rəhbərliyin yox, hərbçilərin əlindədir. Güman olunur ki, ölümündən öncə Xameneyi formal hakimiyyəti adları ictimaiyyətə məlum olan şəxslərə versə də, de-fakto hərbi-siyasi idarəçilik “Sepah”dan təşkil olunmuş hərbi şuraya ötürülüb. Şübhə etmirəm ki, ABŞ və İsrail yeni İran hakimiyyəti ilə razılaşma masasına “Sepah-ın tamamilə ləğv edilməsi” şərtini gətirmək istəyindədir. Yəni, gedişat “Sepah” üçün həm də mövcudluq məsələsidir, bu baxımdan hərbçilərin sonadək müqavimət göstərməsi gözləniləndir. Tramp hökuməti üçün iki seçim var. Birincisi, müharibəni dayandırmaq üçün gərginliyi azaltmaq yolunu seçməlidir. Belə olan halda, ABŞ və İsrail başlıca hədəflərinə çatmayacaq: Tehranda rejim dəyişikliyi baş verməyəcək; ən əsası 400 kq zənginləndirilmiş uran “Sepah”ın əlində qalacaq. Tramp üçün ikinci seçim isə əl yüksəldib müharibəni genişləndirməkdir. Bu da ABŞ daxilində narazılığı artıra bilər. Artıq ABŞ elitasında İran ilə müharibənin mahiyyətinə dair ciddi etirazlar səsləndirilir. Digər tərəfdən, müharibəni genişləndirmək İranda İraq ssenarisinin təkrarlanması deməkdir ki, bu da böyük itkilər və hadisələrin nəzarətdən çıxması təhlükəsi daşıyır. Bir sözlə, Trampın “sürətli nəticə” strategiyası istənilən nəticəni doğurmadı: Tehranda rejim dəyişmədi, əksinə daha da hərbiləşdi. İndi ABŞ-ın qarşısında siyasətçilər deyil, əlində 400 kq zənginləşdirilmiş uranı saxlayan və mövcudluq mübarizəsi aparan bir hərbi şura var. Tarixi təcrübələr onu göstərir ki, Yaxın Şərqdə sürətli hərbi həll axtarışları əksər hallarda uzunmüddətli strateji bataqlıq riski daşıyır. Vaxtilə İraqda baş verənlər kimi, hərbi üstünlük siyasi nəticəyə çevrilmədikdə, müharibə artıq həllə yox, çıxılmaz dalana aparır. @serqebaxis
Open in Telegramİsrailin bir öncəki müdafiə naziri (2022-2024) Yoav Qallant İrana qarşı hücumdan bir gün öncə, 27 fevralda “Yaxın Şərqdə növbəti geosiyasi dəyişiklik: İranın zəifliyi Türkiyə üçün fürsətdir” başlıqlı məqalə paylaşıb. Yazıda Qallant, İranın zəifləməsi fonunda Türkiyənin Yaxın Şərqdə əl-qolunun açıldığını, bu çərçivədə Ankaranın həm siyasi-diplomatik, həm ticari-iqtisadi, həm də hərbi-təhlükəsizlik əlaqələrindən aktiv şəkildə istifadə etdiyini vurğulayır. Qallanta görə, İsrailin Yaxın Şərqdəki ənənəvi hərbi strategiyaları dəyişən reallıqlara cavab vermir, buna görə də Türkiyənin artan imkanlarını nəzərə alan yeni regional doktrinaya keçid zəruridir. Müəllif, İrandan fərqli olaraq Türkiyənin Qərb sisteminin bir parçası və NATO üzvü olduğuna diqqət çəkərək, İsrail ilə Türkiyə arasında toqquşma yerinə, tərəflərin birgə işləyə biləcəyi bir regional balansın formalaşdırıla biləcəyini iddia edir: hər iki ölkə qarşılıqlı olaraq maraqları nəzərə alacaq və bir-birini təhdid edən addımlardan yayınacaq. Qallant bildirir ki, əgər Türkiyə rəhbərliyi toqquşma yolunu seçsə, güc balansını dəyişməyə çalışsa və İsraili regionda sıxışdırmağa çalışsa, Təl-Əviv buna qətiyyətlə cavab verəcək. Təbii ki, Qallantın bu yazısı sadəcə analitik məqalə kimi qiymətləndirilməməlidir. “İrandan sonra sıra Türkiyənindir” tezisi bir müddətdir İsrail elitası tərəfindən açıq şəkildə səsləndirilir. HƏMAS-ın 7 oktyabr 2023-cü ildə təşkil etdiyi “Əqsa Tufanı” əməliyyatına cavab olaraq İsrailin başlatdığı regional müharibənin komandanı olmuş bir şəxsin - Qallantın bu mesajı məhz İrana qarşı hərbi əməliyyatdan bir gün öncə ictimailəşdirməsini İsrailin hərbi-siyasi eşalonunda uzun müddətdir formalaşmış ortaq mövqenin Ankaraya bildirilməsi kimi oxuna bilər. “İrandan sonra sıra Türkiyənindir” tezisi Ankara üçün də sürpriz deyil, bu mövzu 1990-cı illərdən Türkiyə elitasında aktual müzakirə edilir. Bəs Türkiyə necə bir yol seçəcək? Qərbin dəstəklədiyi İsrail ilə toqquşma Türkiyə üçün seçim ola bilərmi? Tarixi təcrübə göstərir ki, Misir, İraq və İran başda olmaqla, İsrailə qarşı mübarizədə üstünlük qazana bilməmiş dövlətlərin bir ortaq cəhəti var: nüvə silahına çata bilməmək. İsrailin regionda nüvə ambisiyası olan ölkələrə qarşı aqressiv və preventiv strategiya izləməsi də məhz bu üstünlüyü qorumağa xidmət edir. Digər tərəfdən, nüvə silahı olmayan Türkiyə ilə nüvə arsenalına sahib İsrail arasında qurulacaq regional balans da sözsüz ki, ikincinin xeyrinə olacaq. Əslində Qallantın mesajının alt mətni də budur: Türkiyə İsrailin hərbi üstünlüyünə əsaslanan regional balansı qəbul etməli və nüvə silahı kimi güc balansını dəyişə biləcək "macəralardan" uzaq durmalıdır. @serqebaxis
Open in Telegram