
Şərqə Baxış
Əsl həqiqəti, əslində heç nəyi bilmədiyində anlayırsan - Sokrat
Average views per post by day
By publication day
Show as table
| Date | Avg views per post |
|---|---|
| Nov 4, 2026 | 2,280 |
| Nov 20, 2026 | 970 |
| Nov 21, 2026 | 787 |
| Nov 22, 2026 | 1,300 |
Most viewed this month
- 01Views2.28KForwards—Reactions61Comments—
- 02Views1.3KForwards—Reactions37Comments—
- 03Views970Forwards—Reactions36Comments—
- 04Views787Forwards—Reactions39Comments—
Latest posts
İran cəbhəsində necə bir gedişat gözləyirsiniz? Məncə, yeni bir müharibə ehtimalı çox yüksəkdir. İsraildəki seçkilərdən sonra baş nazir postunu itirmək təhlükəsi ilə üzləşən Benyamin Netanyahunun daxili siyasi maraqları naminə İrana qarşı növbəti hücumu təşviq etdiyi iddia olunur. ABŞ-da ara seçkilərdə Konqresdə qalib gələn Demokratların Trampın İran müharibəsini məhdudlaşdırmaq istədiyi məlumdur, bir sözlə yeni Konqresin yanvarda fəaliyyətə başlamasına qədər Trampın müstəqil hərbi manevr imkanları daha genişdir. Hazırda ABŞ-İsrail tandemi üçün 3 başlıca strateji məqsəddən söhbət gedir. Birincisi və ən mühümü, İranın nüvə silahına çatmasının qarşısını almaq məqsədilə zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi və ya yerində məhv edilməsi. İkincisi, Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması. Üçüncüsü isə İranda mövcud rejimin devrilməsi və Qərbin şərtləri ilə razılaşacaq hərbi-siyasi qüvvələrin hakimiyyətə gətirilməsi. Əvvəlki iki raund göstərdi ki, təkcə hava hücumları ilə bu məqsədlərə nail olmaq real görünmür. Xarici hərbi müdaxilə İran daxilində rejim dəyişikliyinə gətirib çıxaracaq xalq üsyanını doğurmadı. ABŞ xüsusi təyinatlılarının İsfahandakı əməliyyatı da zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi ilə nəticələnmədi. Eyni zamanda, Çin və Rusiyanın texnoloji dəstəyi ilə İranın raket hücumları həm ABŞ-ın bölgədəki təhlükəsizlik arxitekturasını sarsdı, həm də Körfəzi böhrana sürüklədi. Əsas ehtimal, yeni bir hava hücumunda İranın əsas mülki infrastrukturlarının, körpülərinin və su anbarlarının vurulmasıdır. İran da İsrailə və Körfəz ölkələrinə bənzər hücumlar edəcəyini bildirir. Mülki obyektlərin hədəf alınmasının gözlənilən strateji nəticələr yaradıb yaratmayacağı dəqiq deyil. Amma regiondakı xaosun daha da dərinləşməsi qaçılmazdır. Mümkün hərbi alternativlər arasında ən radikalı İrana qarşı nüvə silahından istifadə edilməsi, başqa sözlə, 1945-ci ilin Yaponiya ssenarisinin təkrarlanmasıdır. Bəs nüvə hücumları İran rəhbərliyini də kapitulyasiyaya məcbur edə bilərmi? Edə də bilər, etməyə də. Çünki Yaponiya imperiyasından fərqli olaraq, İran nüvə silahı əldə etmək üçün ən mürəkkəb mərhələlərdən biri olan uranın zənginləşdirilməsində xeyli irəliləyib. Belə olan halda, İran rəhbərliyi mümkün hücumdan sonra kapitulyasiya əvəzinə, tezliklə nüvə silahı əldə etmək qərarına da gələ bilər. Digər tərəfdən, mümkün nüvə hücumu həm beynəlxalq aləmdə, həm də İran daxilində dərin siyasi və psixoloji sarsıntılara səbəb olacaq. Bütün bunlar nüvə silahından istifadənin effektivliyini şübhə altına qoyur. İkinci radikal ssenari İrana bir neçə istiqamətdən, o cümlədən ölkə daxilindəki etnik və dini azlıqların iştirakı ilə genişmiqyaslı quru hücumun həyata keçirilməsidir. Lakin İranın coğrafi relyefi və ərazi miqyası nəzərə alındıqda, ölkənin quru qoşunları vasitəsilə işğalı son dərəcə çətin görünür. Üstəlik, 93 milyondan çox əhalisi olan İranın səfərbərlik potensialı da kifayət qədər böyükdür. Statistikaya baxsaq, ölkədə nəzəri olaraq 41,5 milyon nəfər hərbi xidmətə yararlı hesab edilir, hər il təxminən 1,4 milyon nəfər hərbi yaş həddinə çatır. Hətta ilkin hücumlar uğurla nəticələnsə belə, ölkə üzərində davamlı nəzarət demək olar ki, mümkünsüz görünür. Təbii ki, bu müddətdə ətraf ölkələrin müharibə zonasına çevrilməsi də qaçılmazdır. Eyni zamanda, İranın özünün də İraq və Küveyt istiqamətində Körfəz monarxiyalarına quru hücumuna çıxması ehtimallar daxilindədir. Bir sözlə, yeni müharibə real ehtimal olsa da, həlledici siyasi nəticə doğurmaq üçün yetəri olmaya bilər. Ümumiyyətlə, İran münaqişəsinin yaxın perspektivdə həlli real görünmür. @serqebaxis
Open in TelegramÇin, ABŞ və Rusiya dövlət başçılarının üçtərəfli sammitinin tarixi analogiyaları, simvolikası və protokol qaydaları xeyli müzakirə olundu. Ancaq əsas məsələ formatdakı tərəflərin motivləridir. Məncə, bu formata “dünyanın bölüşdürülməsi” gözləntisindən daha çox, ABŞ–Çin rəqabəti prizmasından baxmaq daha doğrudur. Bu prizma iqtisadi və texnoloji baxımdan masadakı ən zəif bənd olan Rusiyanın iştirakını daha aydın izah edir. Əgər Putinin məqsədi dünya miqyaslı güc mərkəzi kimi qəbul olunmaqdan daha çox, ABŞ–Çin rəqabətində strateji balansı dəyişdirə biləcək üçüncü tərəf rolunu oynamaqdırsa, Moskvanın masada xeyli manevr imkanları olacaq. Hər halda, Vaşinqton və Pekinin Rusiyanın bu masada iştirakını qəbul etməsi hər iki tərəfin Moskva ilə bağlı xüsusi strateji maraqlarının olduğunu göstərir. Bəs Çin nə istəyir? Maraqlıdır ki, Çin lideri Şi Cinpin öz çıxışlarında “Fukidid tələsi” nəzəriyyəsinə dəfələrlə müraciət edərək bu tələdən yayınmağın vacibliyini vurğulayır. Nəzəriyyəyə görə, yüksələn güclə mövcud hegemon arasında müharibə riski olduqca yüksəkdir və tarixdə bunun çoxsaylı nümunələri var. Pekin də supergüc kimi yüksəlişinin mövcud hegemon ABŞ ilə hərbi toqquşmaya gətirib çıxara biləcəyini yaxşı anlayır. Bu səbəbdən Çin hər vəchlə qarşıdurma və hegemonluq iddiasında olmadığını nümayiş etdirməyə çalışır. Bir mənada, deyə bilərik ki, Pekin tatamiyə çıxmadan ABŞ ilə güləşmək istəyir. Belə bir mənzərədə ABŞ ilə təkbətək qalmaqdan yayınmağa çalışan Çin üçün Rusiyanın da masa arxasında əyləşməsi olduqca sərfəlidir. Xüsusilə də Rusiyanın Qərblə hərbi qarşıdurmanı davam etdirərək Vaşinqtonun diqqətini və resurslarını özünə yönəltdiyini, bununla da Pekinə vaxt qazandırdığını nəzərə alsaq… Bəs ABŞ nə istəyir? Bu suala cavab tapmaq üçün çox baş sındırmağa ehtiyac yoxdur. Tramp sağ olsun, görüşdən əvvəl bunu açıq şəkildə dilə gətirdi. Çin və Rusiyanı “təbii düşmənlər” adlandıran Tramp Rusiyanın getdikcə Pekindən daha çox asılı vəziyyətə düşməsindən, iki ölkənin ABŞ-a qarşı vahid cəbhədə birləşməsindən narahat olduğunu bəyan edib. Vaşinqton Rusiya ilə qarşıdurmanı arxada qoymaqla həm Moskvanın Pekindən asılılığını azaltmaq, həm də diqqətini və resurslarını əsas rəqibi Çinə yönəltmək istəyir. Yəni, Vaşinqtona da Rusiya masada lazımdır, amma Qərblə müharibəni dayandırmış vəziyyətdə… Məncə, tərəflər masada anlaşmaqdan daha çox, bir-birinin nəbzini yoxlamaq istəyirlər. Beləliklə, iddia etmək olar ki, həm Çin, həm də ABŞ “Fukidid tələsi”ni real gözlənti kimi görürlər və strateji hesablamalarını mümkün böyük qarşıdurmaya uyğun qururlar. Rusiyanın da masada iştirakı bu hesablamaların bir hissəsi kimi görünür. Bu mənada, üçtərəfli formatı ABŞ–Çin arasında böyük müharibənin qarşısını almaqdan daha çox, tərəflərin mümkün qarşıdurmanın strateji şərtlərini öz xeyrinə dəyişdirmək cəhdi kimi şərh etmək olar. Düşünürəm ki, əli nə qədər zəif görünsə də, Putin masanın nəbzini düzgün tutmaqla iki tərəf arasındakı bu oyundan ciddi uduşlar qazana bilər. Necə ki, vaxtilə ABŞ–SSRİ rəqabəti fonunda Kissincerin Çinlə yaxınlaşma strategiyası Pekinə önəmli strateji üstünlüklər qazandırmışdı, indi də oxşar fürsət Moskvanın qarşısında açıla bilər. Putinin siyasi-tarixi ambisiyalarını və Rusiyanın əvvəllər bəyan etdiyi strateji hədəfləri nəzərə alsaq, ümid edək ki, Cənubi Qafqaz masadakı menyuda olmayacaq… @serqebaxis
Open in TelegramŞübhəsiz ki, Trampın siyasi portreti gələcək siyasi ədəbiyyatda saysız-hesabsız müzakirələrə yol açacaq. Həqiqətən də Tramp fenomeni, xüsusilə onun ikinci prezidentlik dövrü müasir siyasət üçün bir anomaliyadır. Birincisi, siyasi dil məsələsidir. Tramp böyük siyasətdə ənənəvi Avropa aristokratik diplomatiyasının dilini küçə dili ilə əvəzləyib. Hətta BMT tribunasından belə dünya siyasəti və digər ölkələrin liderləri haqqında danışarkən küçə leksikonundan, söyüşlərdən istifadə etməkdən çəkinmir. Ümid edirəm ki, Trampın bu üslubu gələcəkdə siyasi trendə çevrilməyəcək. İkincisi, Tramp ABŞ-ın onilliklər boyu qarşı çıxdığı, digər ölkələri ittiham etdiyi siyasi davranışları və meyilləri mənimsəyib. Avtoritarizm, şəxsiyyətə pərəstiş, dinin siyasi istismarı, intim skandallar, rüşvət, korrupsiya, qızıl heykəllər, şəxsi maraq üçün bahalı tikintilər… Vaxtilə Vaşinqtonun başqa ölkələrdə tənqid etdiyi məsələlər sanki tarixin bir ironiyası olaraq Ağ Evdə təzahür edib. Üçüncüsü, Tramp siyasətin adətən pərdə arxasında qalan tərəflərini bütün çılpaqlığı ilə ictimaiyyətin gözü önünə sərir. Kimi öz vassalı hesab etdiyini, kimin nə qədər pul təklif etdiyini, kimə nə vəd verdiyini böyük fəxarətlə bəyan edir. Bir sözlə, Tramp siyasətin yazılmamış qaydalarını öz təfəkkürünə uyğun kökündən dəyişmək istəyir. Amma Trampın məqsədi təkcə siyasəti üslub baxımından dəyişmək deyil, həm də geosiyasi tarixdə daim xatırlanacaq “irs” qoymaqdır. Venesuela, Kuba və İran kimi onillərdir davam edən problemləri həll etmək cəhdləri, Qrenlandiya kimi yeni ərazilərin ilhaqı ilə bağlı iddialar, coğrafi adların dəyişdirilməsi… Trampın tez-tez özünü ABŞ tarixinin ən mühüm prezidentləri ilə müqayisə etməsi də təsadüfi deyil. Hətta daha da irəli gedərək, özünü yarıtanrı statusunda görməyə başlayıb. Təbii ki, 2024-cü ildəki sui-qəsddən möcüzəvi şəkildə sağ çıxması da bu məsələdə mühüm rol oynayıb. Trampın Amerika sosial-siyasi tarixində önəmli yer tutan “Vəhşi Qərb” təfəkkürünü ölkəsinin geosiyasi supergüc statusuna tətbiq etməyə çalışdığı “kovboy diplomatiyası” İran məsələsində daşa dəydi. Həm Netanyahunun, həm də ətrafına topladığı ticarətçilərdən ibarət xarici siyasət komandasının təhriki ilə İran məsələsində yanlış yol seçdi və xüsusən Hörmüz Boğazında oynadığı qumarın bədəlini Konqresi itirməklə ödədi. Dünyanın amerikan “şerifi” kimi tarixdə qalmaq istəyən Tramp, amerikan siyasi terminologiyası ilə desək, “topal ördəyə” çevrildi. Bu arada, Amerika cəmiyyətinin seçki davranışına dair məşhur reallığa bir daha şahidlik etdik: səhnədə nə danışılmasından, hansı ucuz şounun oynanılmasından, hansı maskaradın təşkil olunmasından asılı olmayaraq, seçicinin cibinə toxunan siyasətə rəhm edilmir. Hətta respublikaçıların ən güclü olduğu əyalətlər belə, iqtisadiyyatdakı problemləri Trampa bağışlamadılar. Bundan sonra necə olacaq? Şərtlər dəyişsə də, Trampın xarakteri çətin ki, dəyişə. Əli xeyli zəifləsə də, düşünürəm ki, Tramp bundan sonra da “irs qoymaq” üçün avantürist xarici siyasəti davam etdirməyə çalışacaq. Bu mənada, yanvar ayında Konqresin yeni tərkibi formalaşanadək İran məsələsində daha bir hərbi addımın atılması da istisna deyil. Adətən Tramp kimi fenomenlərin yüksəlişi kimi, süqutu da özünəməxsus olur. Məncə, “Tramp şousu”nun sonluğu da səs-küylü bitəcək. @serqebaxis
Open in TelegramYaxın Şərqin dini münaqişələrini və siyasi mənzərəsini Qüdsün (Yerusəlimin) tarixinə bələd olmadan anlamaq mümkün deyil. İbrahimi dinlərin ortaq müqəddəs şəhəri olan Qüds təkcə dini deyil, geosiyasi baxımdan da xüsusi önəm kəsb edir. Tarix boyu Qüdsə nəzarət siyasi prestij göstəricisi olub, şəhərin bir imperiyadan digərinə keçməsi çox vaxt Yaxın Şərqdə hegemoniyanın əl dəyişdirməsini əks etdirib. Bir vaxtlar katolik rahibəsi olmuş ingilis yazıçısı Karen Armstronqun 1996-cı ildə çap olunmuş “Yerusəlim: bir şəhər, üç din” kitabı Qüdsün tarixini anlamaq üçün ən fundamental əsərlərdən biridir. Kitab Qüdsün dini tarixini yalnız İbrahimi dinlərlə məhdudlaşdırmır. Müəllif şəhərin və regionun daha qədim bütpərəst və çoxtanrılı inanclarına, miflərinə, dini ayinlərinə, Baal və Molox kultlarına da geniş yer ayırır. Bu inancların sonrakı dini ənənələrdə buraxdığı izləri araşdıraraq Qüdsün dini keçmişini daha geniş tarixi və müqayisəli perspektivdən təhlil edir. Kitabın böyük həcmini nəzərə alaraq yazının ilk hissəsində Yerusəlimin yəhudilik dövrünə müasir İsrailin strategiyası prizmasından nəzər salmaq istərdim. Aydındır ki, qədim İsraili bilmədən çağdaş İsrail dövlətinin siyasi davranışını, təhlükəsizlik düşüncəsini və strateji hesablamalarını anlamaq mümkün deyil. Burada məqsədim çağdaş İsraili qədim İsrailin dövlətçilik baxımından birbaşa varisi kimi təqdim etmək deyil. Söhbət 1948-ci ildə müasir İsrail dövlətini quran, eləcə də hazırda idarə edən elitaların ailədə və məktəbdə mənimsədikləri, dünyagörüşlərinin formalaşmasına təsir edən qədim İsrailə dair dini mətnlərdən, tarixi rəvayətlərdən və təsəvvürlərdən gedir. Əvvəlcə şəhərin adından başlayaq. Müəllifin istinad etdiyi izaha görə, “Yerusəlim” adı qədim Suriya və Kənan dini mühitində tanınan Şalem tanrısı ilə bağlıdır və “Şalemin qurduğu” mənasını daşıyır. Arxeoloji qazıntılar da Yerusəlimin qədim Kənan şəhəri kimi mövcud olduğuna işarə edir. Yəhudi müqəddəs mətnlərinə görə, peyğəmbər və sərkərdə Davudun şəhəri ələ keçirməsindən əvvəl isə Yerusəlim yebusilərin nəzarətində idi. Beləliklə, həmin mətnlərin özündə də israillilər şəhərin ilk sakinləri kimi deyil, sonradan ona hakim olan toplum kimi təqdim edilirlər. Sonradan hakim olduqları bu şəhər təxminən e.ə. 1000-ci ildən eramızın 70-ci ilinədək uzanan minillikdən artıq dövr ərzində israillilərin dini və siyasi həyatının mərkəzi olmuş, Tanrının vəd etdiyi və qoruyacağı müqəddəs məkan kimi qəbul edilmişdi. Bu bağlılıq şəhərin itirilməsinə də xüsusi məna verirdi: Yerusəlimin süqutu hərbi məğlubiyyətlə yanaşı, dini və milli fəlakət kimi yaşanırdı. Qədim israillilər bu miqyasda iki böyük fəlakətlə üzləşmişdilər. E.ə. 586-cı ildə Babil hökmdarı II Nebukadnezarın qoşunları Birinci Məbədi, eramızın 70-ci ilində isə romalılar İkinci Məbədi dağıdaraq Yerusəlimi viran qoymuşdular. Bu dağıntılar şəhər əhalisinin kütləvi qırğını, əsarəti və məcburi köçü ilə nəticələnmişdi. Hər iki Məbəd dövrü fərqli tarixi şəraitdə sona çatsa da, diqqətçəkən oxşarlıqlar da var idi. Qədim İsraildə hakim qüvvələr əvvəlcə regionun hegemon imperiyası ilə hesablaşırdılar. Sonradan müstəqilliyə can atan siyasi-dini çevrələr isə hegemona meydan oxumağı seçdilər. Lakin başları daxili çəkişmələrə qarışdığından regionda cərəyan edən prosesləri və qarşılarındakı gücün imkanlarını düzgün qiymətləndirə bilmədilər. Hegemonlara dair yanlış hesablamalar ağır fəlakətlərlə nəticələndi. Qədim dağıntı və sürgün yaddaşının Holokost travması ilə birləşməsi çağdaş İsrailin hakim elitalarının düşüncəsində dövlətin taleyi ilə xalqın fiziki varlığını eyniləşdirir: dövlətin itirilməsi yeni bir kütləvi məhvin başlanğıcı kimi qavranılır. Bu mənada müasir İsrailin hakim təbəqəsinin Yaxın Şərqi daim nəzarətdə saxlamaq istəyinin və mümkün təhdidlərə qarşı aqressiv önləyici addımlar atmasının siyasi və psixoloji səbəblərini həmin tarixi yaddaşda axtarmaq olar. Regional nüfuzlarını artırmağa çalışan İran və Türkiyə kimi dövlətlərin potensial düşmən kimi dəyərləndirilməsini də bu məntiqlə izah etmək mümkündür. Başqa sözlə, bu elitaların strategiyasının mərkəzində təxminən iki min il sonra yenidən ələ keçirilmiş Yerusəlimdə “üçüncü dağıntı”ya yol aça biləcək istənilən təhdidi yerindəcə boğmaq məntiqi dayanır. İsrailin xüsusilə dindar və sağcı elitaları bu narahatlığı açıq şəkildə dilə gətirirlər. Digər tərəfdən, qədim İsrailin yüksəliş dövrləri ilə müasir İsrail arasında diqqətçəkən bənzərliklər də var. Belə ki, hər iki örnəkdə geniş iqtisadi imkanlar, texnoloji yeniliklər və güclənən hərbi potensial ərazi genişlənməsi və hegemondan müstəqillik ambisiyalarının həyata keçirilməsində rol oynamışdır. Tarix boyu bir çox dövlətin oxşar ambisiyaları da məhz bu amillərə söykənmişdir. Bununla belə, qədim İsrail təcrübəsi siyasi ambisiyaları real güc imkanları ilə uzlaşdırmamağın fəlakətli nəticələrini göstərir. Bu yanlış hesablamalarda dini ideologiyadan qaynaqlanan seçilmişlik, başqalarına qarşı mənəvi üstünlük və ilahi himayəyə arxayınlıq düşüncəsinin rolunu da nəzərə almaq lazımdır. Armstronqun təsvir etdiyi zelotlar Tanrının Yerusəlimi qoruyacağına və Məbədin toxunulmazlığına inanaraq şəhərin süqutunu mümkünsüz sayırdılar. Çağdaş İsraildə xüsusilə sağcı və dindar qrupların mənimsədiyi müqəddəs torpaq və tarixi missiya təsəvvürləri də siyasi birliyi gücləndirməklə yanaşı, öz maddi və mənəvi gücünə həddindən artıq arxayınlığı qidalandırır. Ümumiyyətlə, siyasi quruluşların süqutu çox vaxt ərazi itkisi və kiçilmə ilə izah olunsa da, real güc imkanlarını aşan genişlənmə və siyasi ambisiyalar üzündən özünü məhvə sürükləmiş güc mərkəzlərinin sayı da az deyil: məsələn, Napoleon Fransası, H*tler Almaniyası və Yaponiya imperiyası… Çağdaş İsrail örnəyində məhvolma qorxusu hakim elitaları təhlükəsizliyin təminatını region üzərində daimi üstünlükdə axtarmağa sövq edir. Bu daimi axtarış isə ambisiyaların real güc imkanlarını aşması riskini daşıyır. Bu baxımdan, fikrimcə, müasir İsrailin siyasi gələcəyini də iki əsas amil müəyyən edəcək. Birincisi, Yaxın Şərqdəki genişlənmə strategiyasının harada dayanacağıdır. Qərbi Şəriyyə, Litani çayına qədərki ərazilər və Qolan təpələri kifayət edəcəkmi? İkincisi, ABŞ-la münasibətlərin gedişatıdır. Məlumdur ki, ABŞ-ın hərbi və diplomatik dəstəyi İsrailin regional manevr imkanlarının mühüm dayağıdır. Bununla belə, Amerika cəmiyyətində İsrailə münasibətdəki dəyişiklikləri və onların mümkün siyasi nəticələrini yanlış qiymətləndirmək Vaşinqtonla əlaqələri hətta qarşıdurmaya sürükləyə bilər. Hər halda, İsraildə ağlı başında olan heç kimsə ABŞ-ın başlıca xarici dayaqdan mövcudluğu təhdid edən hegemon gücə — yeni bir Babilə və ya Romaya çevrilməsini istəməz. Məncə, Armstronqun qədim İsrail tarixinə dair təsvirindən çıxara biləcəyimiz əsas siyasi nəticə budur: dövlətin yaşaması üçün təhlükəni görmək qədər öz gücünün limitlərini bilmək də həyati önəmdədir.
Open in TelegramƏslində, qədim dinləri günümüzə qədər yaşadan məğz də insanlığın ölümün o tayında nə olduğu sualına hələ də qəti cavab tapa bilməməsidir. Bu sual cavabsız qaldıqca, ona cavab verməyə çalışan dini düşüncənin də gündəmdən çıxmasını gözləmək sadəlövhlük olardı. Axı bir düşüncəni yalnız başqa bir düşüncə əvəzləyə və ya ortadan qaldıra bilər. Fəlsəfi cızmaqaradan gündəmə qayıdası olsaq, Füllerin din-siyasət formulundan çıxış edərək hicab məsələsinə və dinin ictimai həyatdakı digər təzahürlərinə dövlətin nəzarət etmək istəyini izah etmək mümkündür. Lakin burada nəzarətin məramı ilə yanaşı, onun metodları, zamanlaması və doğura biləcəyi nəticələr də incəliklə hesablanmalıdır. Qloballaşmanın hər birimizin evinə və beyninə nüfuz etdiyi, dini münaqişələrin getdikcə alovlandığı, eyni zamanda regional dövlətlərin dini ideologiyalarını ixrac etdiyi bir şəraitdə doğru hesablanmayan nəzarət mexanizmləri dini kəsimləri xarici müdaxiləyə daha həssas vəziyyətə sala bilər. Üstəlik, fərdi dini etiqadla siyasi məqsədlərə xidmət edən dini fəaliyyətin eyni təhlükəsizlik prizmasından qiymətləndirilməsi dövlətin qarşısını almağa çalışdığı riskləri daha da dərinləşdirə bilər. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, dinə baxış plastilin kimidir. Ancaq bu plastilini istədiyin formaya salmaq heç də həmişə arzuolunan nəticəni vermir. Bir tərəfini sıxdıqca, digər tərəfi daha çox şişə bilər. Dünən süfrədən qovduğun, sabah masanın başında qarşına çıxa bilər. Nəzərə almaq lazımdır ki, 11 sentyabr hadisəsindən sonra İslama qarşı qlobal mübarizənin və repressiyanın simvoluna çevrilən Nyu Yorku 25 il sonra müsəlman kimliyi ilə öyünən bir mer idarə edir. Əslində, bu fakt Füllerin kitabında irəli sürdüyü fikirləri də yada salır. Müəllif hələ kitabın nəşr olunduğu 2010-cu ildə İslamın beynəlxalq siyasətdəki rolunun davam edəcəyini, geosiyasi şərtlər dəyişərsə, Qərbin İslama münasibətinin müsbət istiqamətdə dəyişə biləcəyini irəli sürürdü. Həqiqətən də, həmin dövrün ayaq səsləri artıq yavaş-yavaş eşidilir. Sürətlə dəyişən geosiyasi şəraitdə əsas məsələ təkcə dinə hansı forma verilməsi deyil, eyni zamanda onun hansı formalara düşə biləcəyini də doğru anlamaqdır. Çünki sabahın çağırışlarını dünənin təsəvvürləri ilə ram etmək mümkün olmaya bilər. @serqebaxis
Open in TelegramGündəmə dair müzakirələrə Qraham Füllerin “İslamsız dünya” kitabı ilə qoşulmaq istərdim. Mənzərəni daha aydın şərh etmək üçün əvvəlcə müəllif haqqında qısa məlumat vermək labüddür. Bir çoxlarının tanıdığı Fuller ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Yaxın Şərq üzrə tanınmış mütəxəssislərindən və rəhbər şəxslərindən biri olub. Fuller həmçinin “mülayim İslam” konsepsiyasının əsas ideoloqlarından biri hesab edilir. Hətta Türkiyədəki bəzi kəsimlər tərəfindən Füllerin ölkədə siyasi İslamın hakimiyyətə gəlməsində müəyyən rol oynadığı da iddia olunur. Kitabın adı bir qədər çaşdırıcı olsa da, əsərin əsas tezisi Füllerin uzun illər müdafiə etdiyi İslamla Qərb arasında qarşıdurmanın heç də qaçılmaz olmadığı düşüncəsinin davamı sayıla bilər. Müəllifin əsas iddiası budur ki, İslam aləmi ilə Qərb arasında mövcud qarşıdurmanın köklərini dini ziddiyyətlərdən daha çox tarixi və geosiyasi amillərdə axtarmaq lazımdır. Xüsusilə böyük Qərb dövlətlərinin Yaxın Şərq coğrafiyasında apardığı işğal və müstəmləkəçilik siyasəti İslamın regionda Qərbə qarşı müqavimətin ideoloji vasitələrindən birinə çevrilməsində mühüm rol oynayıb. Bir sözlə, Füller Yaxın Şərq ilə Qərb arasındakı gərginliyin əsasən geosiyasi zəmindən qaynaqlandığını, hətta İslam olmasaydı belə, bu qarşıdurmanın yenə də mövcud olacağını irəli sürür. Kitabın ruhunu əks etdirən əsas fikir də “dövlət üçün din ilahiyyatçıların öhdəsinə buraxılmayacaq qədər vacib məsələdir” düşüncəsidir. Füller bu yanaşmanı qədim dövrün paqan inanclarından başlayaraq İbrahimi dinlərin tarixinə qədər müxtəlif nümunələr üzərindən əsaslandırmağa çalışır. Bu yerdə tarixi ekskursiyaya çıxmaq əvəzinə, Füllerin tezisinə günümüzün siyasi reallıqları və yaxın coğrafiyamızdan baxmaq daha maraqlı olardı. Axı bu gün də dövlətlər və ya hökumətlər dini öz siyasi maraqlarına uyğunlaşdırmağa çalışırlar. Bəziləri dindən birləşdirici və yayılmacı vasitə, digərləri isə təhlükə və düşmən obrazı kimi istifadə edərək hakim siyasi gücə legitimlik qazandırmağa çalışırlar. İran, Türkiyə və Səudiyyə Ərəbistanında din həm daxili hakimiyyətin möhkəmləndirilməsinə, həm də xaricdə siyasi nüfuzun genişləndirilməsinə xidmət edir. İsraildə isə dini iddialar həm dövlətin qurulmasının, həm də durmadan genişlənməsinin legitim əsası kimi qələmə verilir. Dünyəvi dövlətlərin bir çoxu isə dini mövcud siyasi sistem üçün daimi təhlükə mənbəyi kimi təqdim edir. Lakin dini istər siyasi vasitə, istərsə də təhlükə kimi təqdim edənlər dinin və ya müvafiq məzhəbin bütün prinsiplərini deyil, əsasən siyasi hakimiyyətin maraqlarına uyğun gələn tərəflərini ön plana çıxarırlar. Bir sözlə, Füllerin tezisindən çıxan nəticəni belə ümumiləşdirə bilərik: dinə baxış plastilin kimidir, necə görmək istəyirsənsə, o şəklə də düşə bilir. Lakin din yalnız başqalarının ona vermək istədiyi formadan ibarət deyil. Onun elə bir gücü var ki, bir-birinin mövcudluğundan belə xəbərsiz olan milyonlarla insanı qardaşa çevirə, eyni ananın bətnindən çıxan iki doğma qardaşa isə bir-birini boğazlayacaq qədər nifrət aşılaya bilər. Həm Füllerin kitabında, həm də son ictimai müzakirələrdə müşahidə etdiyim əsas çatışmazlıq dinin, xüsusilə İslamın müstəqil ideoloji gücünə yetərincə diqqət ayrılmamasıdır. Bəzi şərhlərdə İslamı sadəcə “ərəb-fars” ideologiyası kimi təqdim etməyə çalışanlar var. Bəli, bu yanaşmada müəyyən həqiqət payı ola bilər, lakin ümumi mənzərəyə baxdıqda kifayət qədər səthi görünür. Çünki İslam yalnız VII əsr Ərəbistanının məhsulu deyil, kökləri qədim Mesopotamiyaya qədər uzanan Yaxın Şərq dini və mədəni düşüncəsinin mirasını daşıyır. Dinlərin siyasi, mədəni və iqtisadi güc mərkəzlərindən daha uzunömürlü olmasının səbəblərindən biri onların yalnız ictimai münasibətləri deyil, insan varlığının ən fundamental suallarını da izah etməyə çalışmasıdır. Bu sualların ən mühümü isə ölüm və ölümdən sonrakı mövcudluqla bağlıdır. Hətta İbrahimi dinlərdə dünya həyatı müvəqqəti, axirət həyatı isə əbədidir. Bu dünyadakı əzab və məhrumiyyətlər, həyatın özü belə axirətdə vəd edilən səadət naminə qurban verilə bilər.
Open in TelegramSon həftələrdə Avropada müharibə təbilləri çalınır. Avropalılar Rusiyanın mümkün hücumlarına hazırlaşırlar. Xüsusilə süngünün ucundakı Baltik hövzəsi və Şərqi Avropa ölkələri tikan üstündədir. Bəzi ölkələr Rusiya ilə danışmaq tərəfdarı olsa da, əksər ölkələr NATO çətirinə güvənirlər. Mümkün toqquşmalarla bağlı “yaxşı” halda Rusiyanın kütləvi dron hücumları, “pis” halda isə rus ordusunun Baltik ölkələrinə quru hücumu ssenariləri dilə gətirilir. Hər halda yaşadığımız bu çalxantılı dövrdə ağlasığmaz görünən ehtimallar belə istisna oluna bilmir. Beynəlxalq arenadakı hazırkı vəziyyət bir vaxtlar müzakirə etdiyimiz Vallerşteynin “xaotik qeyri-müəyyənlik” təsvirini xatırladır. Həqiqətən də, beynəlxalq siyasətdə aktorların ortaq məxrəcə gələ bilmədiyi bir xaos hökm sürür. Mövcud nizam dağıldıqca hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən etmək də getdikcə çətinləşir. Elə buna görə də ehtimallardan daha çox suallar önə çıxır. Bəlkə də hazırkı mənzərəni təsvir etməyin ən doğru yolu lazımi sualları verməkdir. NATO yəqin ki, tarixinin ən böyük sınağını verəcək. Təşkilat barədə onillərdir dilə gətirilən bəzi suallar öz cavabını gözləyir. Məsələn, kollektiv müdafiə halında təşkilat vahid güc kimi çıxış edə biləcəkmi? Əlbəttə ki, ilkin şoklarda və ya qısamüddətli toqquşmada effektiv ortaq reaksiya gözləniləndir, bəs müharibə uzansa və genişmiqyaslı vüsət alsa necə? NATO-nun şərq cinahındakı kiçik ölkələr Rusiyaya qarşı müharibənin səngərinə çevrilmək istəyərmi? Bəs Qərbi Avropanın rifah içindəki xalqları “geridə qalmış” şərqi avropalılar üçün həyatından keçməyə hazırdırmı? Və ya NATO-nun ən önəmli güclərindən olan Türkiyə Şərqi Avropa üçün yaxın məsafədəki Rusiyaya cəbhə açacaqmı? İndi isə keçək əsas məsələyə. Qoca Qitənin əsas “ümid”i hazırda Trampın prezident olduğu ABŞ-dır. Buna ümid demək olarsa… Çünki Trampın Avropaya dair yanaşması Putindən o qədər də fərqlənmir. Avropanın ənənəvi müttəfiqliyinə dırnaq arası baxan Tramp ictimaiyyət önündə dəfələrlə Qoca Qitə liderlərinə “vassal” münasibəti göstərərək aşağılayıb. Trampın Avropadan tələbləri də heç də Putindən az deyil. Müdafiə xərclərini artırın, böyük ordu toplayın, Çinə qarşı münasibətdə amerikan xəttini izləyin, İrana qarşı müharibəyə əsgər göndərin… Bir sözlə, təhlükəsizlik və enerji böhranı fonunda Avropanı çox çətin qış gözləyir. Bir tərəfdə XIX əsr təfəkkürü ilə qollarını çırmalayan Putin, digər tərəfdə sələmçi təfəkkürü ilə əllərini ovxalayan Tramp. “Ver yeyim, ört yatım” təfəkkürü ilə yoğrulmuş “Vahid Avropa” arzusu iki tərəfi də kəskin qılınc altında geosiyasətin yeni reallıqları ilə üzləşməli olacaq. @serqebaxis
Open in TelegramHörmüz boğazında hərəkətin kəskin azalması, enerji qiymətlərinin yüksək qalması və ABŞ-ın hərbi-strateji ehtiyatlarının tədricən əriməsi mövcud vəziyyətin tezliklə dəyişməsini tələb edir. Tehran həm uranı verməkdən, həm də Hörmüz məsələsində geri çəkilməkdən imtina edərsə, ABŞ qarşısında yeganə seçim qalacaq: daha böyük hərbi eskalasiya. Bir sözlə, əgər diplomatiya nəticə verməsə, payıza doğru hər iki cəbhədə temperatur yenidən yüksələ bilər. ABŞ-İsrail tandemi İranın nüvə rıçağını əlindən almaq üçün daha kompleks hərbi kampaniyaya, hətta məhdud quru əməliyyatlarına əl ata bilər. Məqsəd təkcə nüvə infrastrukturunu vurmaq deyil, həm də Tehran üçün vəziyyəti nəzarətdə saxlaya bilməyəcəyi həddə çatdırmaq ola bilər. Putin isə Yaxın Şərqdə yaranan fürsət pəncərəsindən Ukrayna və NATO-nun şərq cinahında təzyiqi artırmaq üçün istifadə edə bilər. Beləcə, hər iki tərəf masa arxasında ala bilmədiyini cəbhədə qazanmağa çalışacaq. Hansı ssenarinin gerçəkləşəcəyini zaman göstərəcək. Amma bir məsələ getdikcə daha aydın görünür: İran və Ukrayna artıq iki ayrı müharibə deyil, taleyi eyni masada müzakirə edilən vahid siyasi tənliyə çevrilib. @serqebaxis
Open in TelegramSon həftələrdə İran və Ukrayna cəbhələrinin tədricən eyni süjet xətti üzərində birləşdiyi sezilir. Əlbəttə, silah-sursat təminatından enerji və ərzaq təhlükəsizliyinədək bu iki müharibənin qlobal proseslərə ortaq təsirləri əvvəldən də mövcud idi. İndi isə hər iki cəbhə ABŞ və Rusiya arasında böyük siyasi “alış-veriş”in predmetinə çevrilir. CIA direktoru Con Retklifin ötən günlərdə Moskvaya müəmmalı səfəri də bu baxımdan diqqət çəkir. ABŞ mediasına görə, İran müharibəsinin Vaşinqtonun diqqətini və hərbi resurslarını Yaxın Şərqə bağlaması Moskva üçün Ukrayna cəbhəsində yeni fürsət pəncərəsi açıb. Retklifin Rusiya rəhbərliyinə də məhz bu xüsusda Ukraynada vəziyyəti daha da gərginləşdirməmək barədə xəbərdarlıq etdiyi iddia olunur. Bəs iki cəbhəni bir masada birləşdirə biləcək sövdələşmə necə görünə bilər? İran cəbhəsində əsas düyün nüvə məsələsidir. Həm ABŞ, həm də İsrail İranın nüvə silahı əldə etməsini qırmızı xətt elan edib. Ancaq aylarla davam edən bombardman İranın əsas nüvə rıçağını aradan qaldırmayıb. Tehranın yarım tona yaxın yüksək zənginləşdirilmiş uran ehtiyatının dəqiq taleyi hələ də məlum deyil. Burada isə Rusiya səhnəyə çıxa bilər. ABŞ-İran danışıqları zamanı Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını müəyyən şərtlər daxilində yalnız Rusiyaya təhvil verməyə hazır olduğu iddia edilirdi. Bu mexanizm işə düşərsə, yəni zənginləşdirilmiş uran üçüncü ölkəyə təhvil verilərsə, Tramp İran cəbhəsindən “uğur” görüntüsü ilə çıxa bilər. İranın nüvə silahına gedən yolu bağlanar, İsrailin əsas tələbi təmin edilər, Vaşinqton isə Yaxın Şərq bataqlığından çıxaraq diqqətini Çinə yönəldə bilər. Amma burada başqa sual yaranır: Rusiya niyə bunu qarşılıqsız etsin? Əksinə, yuxarıda da qeyd olunduğu kimi, İran müharibəsi Moskva üçün “göydəndüşmə” sayıla bilər. ABŞ-ın diqqəti və hərbi resursları Yaxın Şərqə yönəlir, Ukraynaya verilə biləcək silah ehtiyatları azalır, enerji bazarlarındakı gərginlik isə Rusiyanın maraqlarına işləyir. Belə olan halda, Putinin Tehran üzərindəki təsirini Vaşinqtona qarşılıqsız təqdim edəcəyini düşünmək sadəlövhlük olardı. Əksinə, İranın uranını Rusiyaya verməsi və Moskvanın nüvə razılaşmasının əsas vasitəçisinə çevrilməsi Kremlin əlində olduqca güclü rıçağa çevrilə bilər. Putin üçün İran müharibəsinin davam etməsindən daha sərfəli bir şey varsa, o da bu müharibəni bitirmək üçün Vaşinqtonun Moskvaya möhtac olmasıdır. Bəs bunun qarşılığında Rusiya nə istəyə bilər? Cavabın bir hissəsini Ukraynada axtarmaq lazımdır. Tramp hökuməti NATO-nun ABŞ üçün həddən artıq böyük maliyyə yükü olduğunu və “Soyuq müharibə” dövrünə aid köhnəlmiş struktura çevrildiyini dəfələrlə dilə gətirib. Pentaqon da Amerikanın Avropadakı hərbi mövcudluğunun azaldılmasını nəzərdə tutan müxtəlif variantları nəzərdən keçirir. Konqres ABŞ-ın NATO-dan rəsmən çıxmasını çətinləşdirə bilər, amma Vaşinqton NATO-dan rəsmi olaraq çıxmadan da Avropadakı hərbi iştirakını ciddi şəkildə azalda bilər. NATO-nun şərqə genişlənməsinin dayandırılması, Ukraynanın alyansa üzvlüyünün faktiki olaraq gündəmdən çıxarılması və ABŞ-ın Avropadakı hərbi güclərinin azalması Kremlə Ukrayna macərasını “uğur” kimi göstərmək imkanı verə bilər. Yəni, Ukraynadan qoparılan ərazilərin üzərinə NATO təhlükəsinin neytrallaşdırılması da əlavə olunarsa, Putin də Ukrayna bataqlığından “başıuca” çıxış fürsəti qazana bilər. Lakin bu sövdələşmənin ən böyük açarı yenə Tehranın əlindədir. İran zənginləşdirilmiş uranı niyə versin? Tehran üçün həmin ehtiyat yalnız nüvə proqramının məhsulu deyil, həm də rejimin təhlükəsizlik sığortasıdır. İran rəhbərliyi üçün ilk sual məlumdur: uranı üçüncü ölkəyə təhvil verdikdən sonra ABŞ və İsrailin yenidən hücum etməyəcəyinə kim zəmanət verəcək? Üstəlik, Tehran məhz iki dəfə danışıqlar apardığı bir vaxtda hücuma məruz qalıb. Belə şəraitdə Vaşinqtondan gələn kağız üzərində Tramp imzalı təhlükəsizlik təminatının yarım tona yaxın zənginləşdirilmiş urandan daha qiymətli olduğuna yəqin ki, Tehranda heç kim inanmır. Amma Vaşinqtonun da vaxtı çox deyil.
Open in TelegramConnections
Similar channels
TOP 100@top100_azerbaycanPolitics2.61K
Vəhşi Qərb@vehsi_qerbPolitics2.61K
INTERESTING NEWS@maraqliinfoPolitics2.8K
Burun Edit@burun_editPolitics2.37K
Qardaş Əli - Karikatura@karikatura_azerbaycanPolitics2.26K
Cuhud Siyahısı@cuhud_siyahisiPolitics2.19K
Азербайджан в России@azembassyruPolitics2.1K
𝐙Ə𝐅Ə𝐑 Ɐ𝐍@zefer_anPolitics2.01K