Avropa Parlamentində Əli Kərimli ilə bağlı məsələ müzakirə olundu
Azərbaycanlı siyasi mühacirləri birləşdirən ASİMKOM təşkilatının sədri, Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid Avropa Parlamentində qurumun aparıcı fraksiyalarından olan Renew Europe qrupunun rəhbəri Valeri Hayer ilə görüşüb. Görüşdə fraksiyanın üzvləri Dan Barna və Bernard Guetta da iştirak edib.
Görüşün məqsədi AXCP sədri Əli Kərimlinin həbsini və ümumən Azərbaycanda siyasi məhbuslar problemini müzakirə etmək olub.
Görüş barədə məlumat yayan V.Hayer qeyd edib ki, sərbəst danışmaq, müstəqil məlumat almaq və dinc şəkildə təşkilatlanmaq hüququndan istifadə heç kimin həbsə atılmasına səbəb olmamalıdır.
"Azərbaycanın əsas müxalifət partiyasının lideri Əli Kərimli 2025-ci ilin noyabr ayından etibarən hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbsdə saxlanılır. Bu ittihamlar hələ sübuta yetirilməyib. Onun məhkəmə prosesi isə qapalı keçirilir.
Renew Europe qrupunun üzvləri Dan Barna və Bernard Guetta ilə birlikdə cənab Kərimlinin nümayəndəsi ilə görüşdük. Biz onun məsələsini Avropa Parlamentinin gündəliyində saxlamağa davam edəcəyik və onun həbsdən azad edilməsinə çağırırıq.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər bütün sahələri əhatə etməlidir: iqtisadiyyat, ticarət, insan hüquqları, demokratiya və qanunun aliliyi. Renew Europe dialoqu dəstəkləyir, lakin repressiyalar qarşısında heç vaxt susmağı qəbul etmir." - deyə, fraksiya rəhbəri X hesabında yazıb.