Məhkumlar kameralarından çıxanda isə həm də addımbaşı korrupsiya ilə rastlaşırlar. İşləmək, başqa kameraya köçürülmək, əlavə telefon danışığı, videozəng, sovqatın keçirilməsi, görüş, tibbi yardım almaq – bütün bunlar üçün onların qarşısında “rüşvət divarı” ucalır. İmkanı nisbətən yaxşı olan məhkumlar bu “divarı” aşır. İmkansız məhkumlar isə “divarın” digər tərəfində qalır. Vaqif İsmayılov rəislik postuna geri qayıdandan dövlət müəssisəsinin otaqlarını icarəyə verib. Cəzaçəkmə müəssisəsində iş otaqları, iş masaları məhkumlara icarəyə verilir.
“Tikiş yeri ilə xalçaçılığa sahibkarlar sifariş verir deyə ordan icarə pulu alınmır. Gözəllik salonu ilə toxuculuq isə icarədir. Salonda 5 stol var, bir stol üçün məhkum işçidən 30 manat alırlar. Toxuculuqda bir iş stolunu 4 nəfər bölüşür. Bir stolun icarəsi 200 manatdır, adambaşı 50 manat. İcarə pulunu əvvəldən verməlisən. Pul verməyənləri geri qaytarmamaq şərti ilə işdən çıxarırlar. Qızların bəziləri borc alırlar ki, icarə pulunu verib işsiz qalmasınlar”.
Vaqif İsmayılov məhkumlardan müəssisənin təmiri üçün də pul toplamağa başlayıb. Qadınların əksəriyyəti maddi imkanlarına uyğun hər biri 20 manatdan 200 manatadək müxtəlif məbləğlərdə pul veriblər. Məhkumlar deyir, rəis korpus binalarındakı kameraların təmiri üçün pul verməyənləri peşə məktəbinin yataqxanası kimi ayrılan binaya köçürür. Bu binanın şəraiti korpus binasına nisbətən daha pisdir.
“Peşə məktəbinin binasındakı məhkumlardan hansısa təmir üçün pul verəndə onu korpusa köçürürdü. Təmir dedikləri emulsiya və əhəng vurmaqdır. Otaqda divar ovulub tökülübsə, ümumi 100 manat alırlar. Amma nəsə xarab olanda, məsələn, duş başlığı, şlanq və s. öz hesabımıza alırıq. Kimsə boş, yeni otağa öz seçdiyi adamlarla köçmək istəyirsə, 50 manat alırlar”.
Müəssisəyə pul daha çox görüşdən daxil olur, elə burdan da “aidiyyəti üzrə” paylanılır. Məhkumlarda nağd pul olmur, yaxınları görüşə gələndə pulun bir qismini onların müəssisədəki hesabına köçürür. Qalan hissəsi isə görüş yerinin işçilərinin vasitəsilə rüşvət istəyən əməkdaşlara ötürülür.
Elə görüş yerinin özü də məhkum ailələrindən ən çox rüşvət istənilən yerlərdən biridir. Məhkumlar deyir, pul verənlərlə verməyənlər arasında xeyli fərq qoyulur.
“Görüş açıq bazardır, gələnlərdən pul istəyirlər. Əməkdaşlar sovqat gətirənlərdən soruşurlar ki, sənin üçün “şmonu” (axtarış-baxış) necə edim? Ailələr 20-30 manat verirlərsə, sovqatı səliqəli yoxlayırlar. Pul vermirlərsə, sovqatdakı ərzaqları pis günə qoyurlar, məsələn, şirniyyatı parça-parça edirlər. Gətirilən sovqat çoxdursa, ya da görüşdə çox oturmaq istəyirlərsə, 40-50 manat verməlidirlər. Sovqatda bir əşyadan 2 ədəd varsa, əməkdaş deyir, birini saxlayıram, 15 gün sonra gələrsən. Bunun üçün 20 manat verməlisən. 50 manat verirsən, sənə gələn bağlamaya cihazdan baxırlar, pul verməyənlərin bağlamasını isə açıb yoxlayırlar".
Qanuna əsasən, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərin həftədə iki dəfə 15 dəqiqə telefonla danışmaq hüququ var. 4 saylı CÇM-də telefon otağı da məhkumların xərc çəkdiyi yerlərdən biridir. Pul verən məhkumlara hər gün bir neçə dəfə telefon danışığı verilir. Bunun üçün onların görüşünə gələnlər qapıdan aylıq 150-200 manat ödəyirlər. Qanuna görə, məhkumlar telefon danışığının yerinə videozəngdən istifadə edə bilər. Amma 4 saylı CÇM-də əməkdaşlar pul aldıqları məhkumlara ayda 3 dəfə 15-18 dəqiqə videozəng verirlər. Pul verməyənlər isə ayda bir dəfə videozəngdən istifadə edə bilir.
Məhkumların dediklərinə əsasən, rəis Vaqif İsmayılov müəssisədə başqa üsullarla da gəlir əldə edir. O, vəzifəyə gələndən sonra çörək bişirilən yeri bağlatdırıb, onu təndir çörəyi və şirniyyat bişirilən yerlə əvəz edib. Bunun üçün həmin yerə 2 ədəd təndir qoydurub.
© Jurnalist, siyasi məhbus Elnarə Qasımova.
T.me/Mehbus_Mektubu