Oyundan həzz aldın və nəticədə bütöv bir saat boş-boşuna dayandın. Oyunun bütün ləzzəti yox olur və yalnız bu mənasız maneələri necə keçmək barədə düşünürsən. Mən “Koroğlu” stansiyasına gedirdim. Bakı Metropoliteninin məlumatına görə, iş saatının uzadıldığı 1 saat ərzində bu stansiya 13 749 sərnişin qəbul edib. Metroda bir qatarın tutumu 1617 nəfərdir. Başqa sözlə, söhbət 9-10 qatardan gedir, artıq yox. Yəni maksimum 20 dəqiqəyə yola salına biləcək 9-10 qatar üzündən mən bütöv bir saat küçədə ilişib qaldım.
Открыть в TelegramПосты канала Mashalli
Dünən Bakıda “Sabah” – “Barselona” oyunu keçirildi. Bu oyun azərbaycanlılar və Avropaya getmək imkanı olmayan qonşu ölkələrdən olan insanlar üçün belə böyük bir klubu canlı görmək baxımından böyük şans idi. Rəsmi məlumatlara görə, oyunu 66 321 tamaşaçı izləyib. Bu, stadionun rekordu olmadı: rekord göstərici doqquz il əvvəl “Roma” ilə oyunda qeydə alınıb – 67 200. Amma burada vacib bir məqamı qeyd etmək lazımdır. “Roma” ilə oyundan fərqli olaraq bu oyun ölkəyə qat-qat çox gəlir gətirdi. Stadionda olanlar təsdiqləyər ki, tribunalarda xeyli əcnəbi var idi. Oyundan bir gün əvvəl mən Antalyadan “Pegasus” reysi ilə Bakıya uçurdum və sərnişinlərin mütləq əksəriyyəti “Barselona”ya baxmağa gələn qazaxıstanlılar idi (yeri gəlmişkən, Astanadan Bakıya AZAL-ın birbaşa reysi var, amma Antalya vasitəsilə “Pegasus” ilə uçmaq daha sərfəli idi). Bizimlə eyni vaxtda hava limanına daha 3 reys endi və onların sərnişinlərinin də xeyli hissəsi “Barselona”ya baxmağa gələn rusiyalılar, qazaxıstanlılar, özbəkistanlılar və s. idi. “Roma”nın oyununa onlar gəlməmişdilər. Başqa sözlə, “Barselona”nın gəlişi həm turizm sahəsinə, həm ictimai iaşəyə və s. xeyli qazanmağa imkan verdi. Amma həmişəki kimi, böyük tədbir təşkil olunanda ciddi problemlər olmasa, biz də biz olmarıq. Adətən iTicket tətbiqində bileti hələ evdə açıram, amma bu dəfə necəsə yadımdan çıxdı və yalnız stadiona yaxınlaşanda açdım. Təəssüf ki, hamının qarşılaşdığı problemlə üzləşdim: internet işləyir, amma biletlər tətbiqdə görünmür. Şansım gətirdi ki, stadiona çatana qədər (bunun üçün 29 dəqiqə lazım oldu) biletlər göründü və rahat keçdik. Mən məsuliyyətli insan kimi oyunun başlamasına 1 saat 14 dəqiqə qalmış gəlmişdim. Əksəriyyət isə düz oyunun başlamasına gəlir. Onlar da iTicket-in serverlərinin işləməməsi ilə üzləşdilər. Nəticədə xeyli insan girişdə ilişib qaldı və ya öz yerini tapa bilmədi (stadionda birinci hissə ərzində bu barədə dəfələrlə elan edildi). Bu artıq ənənədir: hər dəfə böyük tədbir, böyük satış olanda iTicket-in serverləri çökür. Yeri gəlmişkən, əvvəllər biletləri emailə göndərirdilər, amma indi, görünür, xüsusilə “ağıllı” bir menecer öz KPI-larını artırmaq qərarına gəlib və hamını tətbiqə yönləndirir. Pul ayırıb serverlərin işini təmin etmək isə, əlbəttə, “mümkün” deyil. Nəyə lazımdır xərc çəkmək, onsuz da belə tədbirlər “ayda-ildə bir dəfə” olur. Nəticədə şirkət biabır olur. Bizdə rəqabətli bazar olsaydı, belə vəziyyət şirkət üçün ciddi zərbə olardı. İnhisar olanda isə fikirləşməyə ehtiyac yoxdur. Nə olsun ki, adi insanlar əllərində bilet olduğu halda stadiona girə bilmirlər. Bu, onların problemidir, əsas odur ki, biz öz 10%-imizi qazandıq. İnsanların əziyyət çəkməsi ölkənin turizm imicinə mənfi təsir göstərir? Əşi, ilk dəfə deyil. Yaxşı, tətbiqlə problem həll olundu (üstəlik bizim internet provayderləri bir yerdə 70 min nəfər üçün internet təmin edə bilmirlər. Tarifləri artırmağa gəldikdə isə dərhal hazırdırlar. Xidməti təmin etmək isə – ay, bizə çətindir). Oyundan həzz almaq olar. Oyun bitdi, getmək vaxtıdır və birdən... Stadiondan saat 23:50-də çıxdım, metroya saat 01:00-da çatdım. Normalda maksimum 15 dəqiqə (dolama yollarla getsən, 29 dəqiqə) çəkən yol məndən 1 saat 10 dəqiqə vaxt aldı. Çünki bizdə insan axınlarını idarə etməyi bacarmırlar. Bakı 65 mindən çox tamaşaçı tutan stadionu olan dünyada yeganə şəhər deyil (ChatGPT deyir ki, belə şəhərlər 100-dən çoxdur). Bir çox şəhərdə 60 mindən çox insanın gəldiyi oyunlar və ya konsertlər hər həftə keçirilir. Və onların heç birində belə problemlər yaranmır. Üstəlik, bir çoxunda metro stansiyaları az qala stadionun altında və ya stadiondan 5 dəqiqəlik məsafədə yerləşir. Bu oyun belə ilk tədbir olsaydı, təcrübəsizliyin üzərinə yıxmaq olardı. Amma axı bu, nə birinci, nə ikinci, hətta nə də üçüncü belə tədbirdir. Hər dəfə isə eyni problemlə üzləşirik. Elə həmin “Barselona”dan soruşmaq olardı ki, bəs onlar öz stadionlarının ətrafında axının öhdəsindən necə gəlirlər? Öyrənmək çətindir? Yoxsa yenə də – bu, bizə lazım deyil, əsas odur ki, stadiona daha çox polis toplayaq?
Открыть в TelegramO zaman niyə tətbiq olunurdu? Başqa tərəfdən, son zamanlar Mərkəzi Bank (birbaşa olmadan, banklar vasitəsilə) kartla olan əməliyyatlara bir sıra məhdudiyyətlər tətbiq etməyə başlayıb. Əsas məqsədlərdən biri də məhz qeyri-rəsmi ödənişlərin dayandırılması idi. Yəni Mərkəzi Bank iddia edirdi ki, bir çox sahibkarlar belə yolla biznes aparırlar və nəticədə vergidən yayınırlar. Amma bunun müqabilində 1%-lik vergi ödəyirsən, vəsaitləri nağdlaşdırırsan və bu zaman artıq bütün əməliyyatları ümumiyyətlə nağd həyata keçirirsən. Bəlkə Mərkəzi Bankın da əsas məqsədlərindən biri də bu tədiyyə növü üzrə dövlət büdcəsinin qazancını təmin etməkdir?
Открыть в TelegramNağd pul haqqında: hökumət nə istəyir? Son illər nağd ödənişlər ilə hökumətin mübarizə siyasətinə dair tez-tez eşidirik. Davamlı olaraq hökumət iqtisadi subyektləri “nağdsız ödənişlərə” keçid etməyə sövq edir. Ən geniş və effektiv üsullardan biri də “ƏDV-gerial” layihəsi oldu. Bu layihə çərçivəsində istehlakçıları nağdsız ödəniş tələb etməyi stimullaşdırırdılar. Aşağı-yuxarı müəyyən qədər uğur əldə etdilər. Düzdür burada həm də bankların “cashback” siyasəti, COVİD-19 pandemiyası və s. də böyük rol oynadı. Nəticə etibarilə bu addımlar ilə indi iqtisadiyyatda ödənişlərin əhəmiyyəli payı nağdsız olaraq həyata keçirilir. Hansısa rəqəm haqqında dəqiq nəsə demək çətindir. Bu addımlar müəyyən həddə qədər effektivdir. Ondan sonra heç bir artım vermir. Bir müddət əvvəl mən də bu barədə qısa olaraq yazmışdım. Nağdsız ödənişlərin həcmində artıq ciddi bir dəyişiklik baş vermir. Hətta daha da dəqiq desək, nağdsız ödənişlər müəyyən bir istiqamət üzrə inkişaf edib, dayandı. Həyatın digər sahələrini əhatə etməkdə çətinlik çəkir. Bəs bu vəziyyətdən necə çıxaq? Əgər maksimal həddə çatmışıqsa, o zaman biz artıq fərqli bir stimullar yaratmalıyıq. Hökumət də bunu təsdiqləyir və müvafiq istiqamətdə Vergi Məcəlləsinə əlavələr edir. Belə ki, gələn ildən sadələşdirilmiş və gəlir/mənfəət vergisi ödəyiciləri (ƏDV qeydiyyatında olan vergi ödəyiciləri istisna olmaqla) tərəfindən fiziki şəxs olan istehlakçılara rəsmi nəzarət-kassa aparatının çeki əsasında ƏDV gerial tətbiq edilən eyni fəaliyyət sahələri üzrə təqdim edilən mallar (işlər, xidmətlər) üçün yalnız nağdsız əməliyyatın dəyərinin 0.9%-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması mexanizminin tətbiqi təklif olunur. Beləliklə, artıq kiçik market və ya ictimai iaşə obyektində alış-veriş zamanı rəsmi çeki tələb edib, ödədiyiniz vəsaitin bir hissəsini qaytara bilərsiniz. Bu da, əlbəttə ki, leqallaşmanı da artırmalıdır və rəsmi bəyan olunan dövriyyəyə də təsir edəcək. Bu hökumətin həyata keçirdiyi siyasətin bir tərəfidir. Bununla parallel olaraq başqa tərəfi də mövcuddur. Deməli 2017-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda hüquqi şəxslər və fərdi sahibkarlar bank hesablarından nağdlaşdırılmasına 1% həcmində sadələşdirilmiş vergi tətbiq olunur. Hesablama Palatasının rəyindən biz öyrənirik ki, gələn il üçün bu vergi üzrə proqnoz 86.9 milyon manat təşkil edir. Bu, 2025-ci ilin icrası ilə müqayisədə 18.2% çoxdur və o deməkdir ki, sahibkarlar banklardan 8.7 milyard manat nağd pul çıxardacaqlar. Bu da qeyri-neft ÜDM-in 7.9%-i qədərdir. Bu il üçün proqnoz 7.7% idi. Yəni növbəti ildə həm nominal olaraq artım, həm də iqtisadiyyatda payı olaraq artım proqnozlaşdırılıb. Yəni hökumət bir tərəfdən nağdsız ödənişləri təşviq edir, digər tərəfdən isə büdcədə nağdlaşdırmanın artacağını planlaşdırır və bundan gəlir gözləyir. Yeri gəlmişkən, bu verginin tətbiqi ilə bağlı dinamika da maraqlıdır. Bu vergi növü üzrə 2018-ci ildə dövlət büdcəsinə 29 milyon manat daxil olmuşdu. 2025-ci ildə artıq müvafiq göstərici 73.5 milyon manat təşkil edib. Yəni 7 il ərzində bu maddə üzrə dövlət büdcəsinin gəlirləri 2.5 dəfə artıb. Gələn ilin göstəricisi isə 3 dəfəlik artım göstərir. Eyni dövrdə iqtisadiyyatımız nə 2.5 dəfə, nə də 3 dəfə artmayıb. Bu göstəriciləri müqayisə edərkən, Hesablama Palatası da maraqlı bir məqama toxunur. Bu vergi növü üzrə artım yalnız büdcə gəlirləri baxımından deyil, şəffaflıq baxımından da qiymətləndirilməlidir. Məsələ çox sadədir. Bu vergi 2017-ci ildə tətbiq olunarkən, elan olunmuşdu ki, onun əsas məqsədi iqtisadiyyatda nağd dövriyyəni azaltmaq və sahibkarları nağdsız ödənişlər etməyə stimullaşdırmaqdır. Amma görünən odur ki, bu vergi sadəcə leqal dövriyyəni artırdı, amma başqa heç nə etmədi. Hesablama Palatası qeyd edir ki, nağdlaşdırmanın “demotivasiyası” üçün daha səmərəli tədbirlərə ehtiyac var. Vaxtilə bu vergini tətbiq etmək üçün Dövlət Vergi Xidməti faktiki olaraq əsas vergitutma prinsiplərindən olan təkrar vergitutmanın istisna edilməsini pozmuşdu (eyni sahibkar faktiki olaraq sadələşdirilmiş vergini iki dəfə ödəyirdi). İndi də məlum olur ki, bu tədiyyə növü səmərəsizdir.
Открыть в TelegramBəs deyirdilər ki, brutto-müqavilə üzrə mexanizm genişləndiriləcək və tədricən bizim ictimai nəqliyyat tamamilə bu sistemə keçid edəcək. İndi nə olacaq? Bu müqavilənin xeyrini yalnız sahibkarlar görəcək? Hesablama Palatasının verdiyi məlumata görə, “İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” üzrə artımın 64,4 milyon manatlıq hissəsi qeyri-dövlət müəssisələrinə, yəni təxmin etmək olar ki, brutto müqavilə ilə işləyəcək özəl daşıyıcılara ayrılır. Bəs sərnişinlər necə olacaq? Bəs indi Bakubus ilə Bakı metropolitenin subsidiyası birləşdiriləcək? Nə və necə olacağına dair bizim heç bir məlumatımız yoxdur. Planlamaya gəldikdə: normalda büdcə maddələri üzrə bəndlərin ləğvi və ya dəyişdirilməsi bir gün ərzində qərarlaşdırılmır. Bu, maliyyə sistemin çərçivəsində ciddi islahatıdır. Bəs bir il əvvəl, fondu yaradanda bunu planlaşdırmırdılar? Fond yaradılan vaxt fondların ləğvi haqqında danışılmırdısa, bu, planlamanın olmaması deməkdir. Danışılırdısa, onda niyə yaradılırdı? Yalnız sürücülərin ödədiyi 7 qəpik dəyişməz qalır və bu da bizim qiymətlərimizə ciddi təsir göstərir. Gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən insanlara (başqa sözlə əhalinin əhəmiyyətli hissəsinə) dəstək tədbiri kimi elan olunan addım nəticədə sadəcə sahibkarlara “köməyə” çevrildi. Bazar iqtisadiyyatı belədir – hətta bəlkə ən pozitiv düşüncələr ilə etmək istədiyin addım (düzdür, burada bu da yox idi) yenə də varlıların daha da varlanmasına səbəb olur.
Открыть в TelegramPlanlama haqqında 2025-ci ilin sentyabrın 19-da “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradıldı. Müvafiq fondun əsas məqsədi Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar, elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar və Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar üzrə nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi idi. Fondun gəlir mənbələri qismində 2026-ci il yanvarın 1-dən avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin hissəsi və 2027-ci il yanvarın 1-dən nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq təşkil etməli idi. Fond yaradılmasından çox keçməyərək, 2026-ci ilin dövlət büdcəsi paketi çərçivəsində Vergi Məcəlləsinə edilən dəyişikliklərdə yol vergisi üzrə dərəcələr artırıldı. Əgər bundan əvvəl ölkə ərazisində istehsal olunub, istehlak olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0.02 AZN idisə, 2026-ci ilin yanvarın 1-dən etibarən 0.07 AZN-ə kimi qalxdı. Bunun nəticəsi olaraq Aİ-92 benzini 1,10 manatdan 1,15 manata, dizel isə 1,00 manatdan 1,10 manata bahalaşdı. Nəticə etibarilə ölkədə istehsal olunan yanacağa görə yol vergisi üzrə daxilolmalar 2025-ci ildəki 88 milyon manatdan 2026-ci il üçün 334 milyon manata qədər artmalı idi. 2026-cı ilin 31 iyulunda Nazirlər Kabineti məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi qaydasını (və ya “brutto müqavilə”) təsdiqlədi. Bu qaydaların hətta pilot variantda tətbiqi üçün müəyyən müddət tələb olunurdu. Nəticə etibarilə bir aydan sonra, sentyabrın 2-də bu model ilk dəfə işə düşdü. İlk müddətdə beş marşrut (130, 205, 211,500 və 503) üzrə tətbiq olunurdu. Başqa sözlə sistem nəhayət ki, tətbiq olunmağa başlayır. Düzdür, başa düşdüyüm qədər bu sistem ayrı istiqamət üzrə tətbiq olunduğu halda bir qədər mənasız olur, çünki ya bütün sistem bu tipli müqavilə ilə işləməlidir və o zaman istehlakçı (yəni sərnişin) bunun effektini hiss edəcək, ya da heç bir effekti olmayacaq. Sadəcə müvafiq sahibkarlarların qazancı artacaq (həm tarifə uyğun olaraq pul yığırlar, həm də dövlətdən subsidiya alırlar). Hər bir halda artıq müvafiq sistem üçün infrastruktur hazırdır. Cəmi səkkiz gün sonra, sentyabrın 10-da “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” fərman imzalanır. Bu fərmanla bütün məqsədli büdcə fondları ləğv edildi. Təzəlikcə yaranıb, fəaliyyətə başlayan “İctimai nəqliyyat” Fondu da bu siyahıya daxil idi. Yəni bir il ərzində fond yaradılır, onun üçün vergi artırılır, qaydalar yazılır, model işə salınır və həmin anda fond bağlanır. Ödənişli zonalardan gəlirlərin fonda daxil olması 2027-ci ilin yanvarından nəzərdə tutulmuşdu. Görünür, bu vəsaitlər artıq olmayan bir fonda gedəcək. Bəs indi bu söhbətin sonu nə olacaq? Hesablama Palatası 2027-ci il büdcəsinə rəyində qeyd edir ki, fondun vəsaitinin “İctimai nəqliyyat sahəsində islahatlarla bağlı xərclər” adlı bloklanmış xərc maddəsinə keçdiyi “ehtimal edilir”. Yəni dövlət büdcəsinə rəy yazan qurum belə bunu bilmir (maraqlıdır, deputatlar bu istiqmətlər üzrə suallar verirlərmi?). Reallıqda rəqəmlər isə belədir: bu il fonda 155 milyon, metroya 40 milyon manat subsidiya nəzərdə tutulmuşdu. Gələn il fond yoxdur, metroya subsidiya da yoxdur, bloklanmış maddədə isə cəmi 163 milyon manat var.
Открыть в TelegramXatırlayırsınızsa, bir müddət əvvəl mən ictimai nəqliyyatda çalışan işçilər haqqında yazmışdım. Postumun əsas fikri çox sadə idi – müvafiq işçilər indi əmək bazarında faktiki olaraq monopsoniyaya (yəni alıcı inhisarına) malikdilər və bundan heç cürə istifadə etmirlər. Hətta çox uzağa getmədən müstəqil həmkarlar ittifaqı belə yaratmırlar (düşünmürəm ki, onlarda hətta qeyri-müstəqil həmkarlar ittifaqı olsun. Ümumiyyətlə dövlət qurumlarından fərqli olaraq xüsusən də yeni yaradılan dövlət şirkətlərində köhnə adət-ənənələrə uyğun olaraq həmkarlar ittifaqı və s. yaratmırlar). O dəfə təxmini rəqəmlər irəli sürmüşdum. Bu yaxınlarda ən azı bir dövlət şirkəti üzrə real rəqəmləri öyrənə bildik. "AZCON Holding"in icraçı direktoru Şahin Babayev bildirib ki, “Bakubus”da hazırda 3700 sürücü var. Fəaliyyəti genişləndirmək üçün isə əlavə 800 sürücüyə ehtiyac var. Yəni azaltmaq yox, defisitli əmək bazarında işçi sayını artırmağa ehtiyac var.
Открыть в TelegramNYT xəbər verir ki, ABŞ İran ilə quru sərhədləri bağlamaq tələbi ilə İraq, Türkiyə və Pakistana təzyiq edir. ABŞ rəhbərliyi hesab edir ki, sərhədlərin bağlanması yeni zərbələri artıq mənasız edəcək. Yəni bu yolla İranın iqtisadi izolyasiyası artacaq və ölkə iqtisadiyyatı “çökəcək”. Bu tələblərə baxmayaraq, bu üç ölkə buna qarşıdırlar. İlk əvvəl onlar qeyd edirlər ki, əgər İranla sərhəd bağlansa, bu yerli əhalinin həyat səviyyəsinə və onların maraqlarına təsir edəcək və hətta ciddi və geniş etirazlara gətirə bilər. Nə gözəldir ki, Azərbaycan heç ABŞ tərəfin tələbləri olmadan belə İranla quru sərhədləri bağlı saxlayır. Bizdə heç kim həmsərhəd rayonlarının yerli əhalisinin biznes və digər maraqlarını düşünmür. Təxmin etmək olar ki, bu maraqlar “yoxdur”.
Открыть в Telegram22 noyabr Fərid Mehralızadənin doğum günüdür. O, həbsxanada 3-cü doğum gününü keçirəcək. Təbriklərinizi və dəstək mesajlarınızı Fəridə çatdıra bilərsiniz. Bunun üçün freefarid.info sayta daxil olaraq, ən aşağıda Send Letter hissəsindən məktubunuzu göndərin.
Открыть в TelegramMaraqlı faktlar sırasından: 2027-ci ildə əmək pensiyaçıları üçün dəfn müavinətinin həcmi 1200 AZN-ə kimi artırılacaq. Hesablama Palatası təxmin edir ki, dəfn müaviniti minimal pensiyanın 3 misli olaraq hesablanır. Belə ki, dəfn müavinatı indi 960 AZNdir. Bu da minimal pensiyanın 3 mislini təşkil edir. Belə olduğu halda növbəti ildə minimal pensiya 400 AZN olmalıdır. Başqa tərəfdən 2020-ci ildən bəri hökumətin maraqlı yanaşması var. Bu yanaşmaya görə minimal pensiya minimal əməkhaqqının 80%-ni təşkil edir. Başqa sözlə əgər hər şey belədirsə (görün nə vəziyyətdir ki, hətta Hesablama Palatası, Milli Məclis və s. bilmir gələn il minimal əməkhaqqı və pensiya nə qədər olacaq), o zaman gələn il minimal əməkhaqqı 500 AZN olacaq.
Открыть в TelegramNəticə etibarilə, ticarət balansında Azərbaycan 7 milyon dollar qazanır (əgər yerli tələbat üçün istehsal olunan şəkərin xammalını çıxsaq).
Открыть в TelegramAzərbaycanın qeyri-neft qaz sektoru silsiləsindən Azərbaycan neft və qazdan başqa nə ixrac edə bilər? Bu sual son zamanlar bizim hökuməti də maraqlandırmağa başlayıb. Hökumət də periodic olaraq iri şirkətlər ilə görüşüb, onları ixracı artırmağa stimullaşdırmağa çalışır. Bəziləri bundan istifadə edirlər və nəticədə bizim “qeyri-neft-qaz” ixracımızda fərqli-fərqli istiqamətlər üzrə artım qeydə alınır. Son zamanlar ciddi bir artım qeyd olunan sahələrdən biri də şəkər ixracıdır. Rəsmi məlumata görə, 2024-cü ildə 50,8 min ton şəkər ixrac olunmuşdu, 2025-ci ildə bu rəqəm 85,2 min tona (+68%) çatıb. 2026-cı ilin isə cəmi 8 ayında 146,9 min ton şəkər ixrac edilib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2.6 dəfəlik artım deməkdir. Müvafiq istiqamət üzrə gəlir isə 91,1 milyon dollar təşkil edib. İxracın artımın əsas səbəbkarı Özbəkistandır. Bu ölkəyə ixrac 2024-cü ilin iyununda başlayıb. Bütöv 2024-cü il ərzində Özbəkistana 15.9 min ton şəkər ixrac olunmuşdusa, 2025-ci ildə müvafiq göstərici 41.2 min ton, 2026-ci ilin yanvar-avqust aylarında isə 69.3 min tona çatdı. Bu da ümumi ixracın 47%-dir. Yeri gəlmişkən, Özbəkistan da 2026-ci ildə idxal etdiyi şəkərin həcminə görə rekord vurub. Bu ilin yeddi ayı ərzində Özbəkistan 505 min ton şəkər idxal edib. Bu da keçən ilin yeni dövrü ilə müqayisədə 2.7 dəfə çox deməkdir. İxrac istiqamətlərimiz arasında növbəti yerdə Türkmənistan (40,2 min ton, +50%) qərarlaşıb. Bununla parallel olaraq bizim şəkər ixracımızda iki yeni istiqamət yaranıb. Bu ilin yanvarından Azərbaycan Qırğızıstana şəkər ixrac etməyə başlayıb və səkkiz ay ərzində bu göstərici 9.6 min tona çatıb. Aprel ayında isə bu siyahıya Əfqanıstan da əlavə olunub. Bu istiqamət üzrə biz 21.6 min ton şəkər göndərmişik. İxrac artıq yerli şəkər istehsalında vacib yeri tutmağa başlayıb. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında 336,4 min ton ağ şəkər istehsal olunub (bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə +24% artım deməkdir). İstehsal olunan şəkərin yarısı ixraca gedib. Müqayisə üçün 2024-cü ildə bu göstərici 16%, 2025-ci ildə isə 24% təşkil etmişdi. Yaxşı bəs bu şəkər haradan gəlir? Azərbaycan heç vaxt şəkər istehsalçısı olan ölkələr sırasına daxil olmayıb. Bizim hətta şəkər istehsal etmək üçün yerli xammalımız da demək olar ki, yoxdur. Ölkədə yeganə istehsalçı İmişli şəkər zavodudur və onun istifadə etdiyi xammal da idxal olunur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Braziliyadan 318,4 min ton xam şəkər gətirilib (+25%). Yəni biz xammalı idxal edirik və sonradan hazır məhsul ixrac edirik. Bir tərəfdən bunu bir çox ölkələr reallaşdırır. Sadəcə söhbət adətən başqa sahələrdən gedir (misal üçün, texnologiya, maşın və s.). Bizdə isə niyəsə bu qida sənayesi ilə bağlıdır. Burada ölkə üçün gəlir çox da deyil (maksimum şirkət nəsə qazanır, ölkə iqtisadiyyatına ümumən çox da böyük xeyir vermir). 2026-ci ildə Azərsun Holdinq (İmişli şəkər zavodunun sahibi) idxal coğrafiyasını bir qədər genişləndirib. Bu il Braziliyaya Salvador (49,3 min ton) və Argentina (10,2 min ton) da əlavə olunub. Nəticə etibarilə xam şəkərin qiyməti tonu 525 dollardan 450 dollara (−14%) düşüb. Yeri gəlmişkən, Azərsun Holdinq xəsislik etməyib və bundan istifadə edib. Belə ki, ixrac coğrafiyasını artırmaq üçün Əfqanıstan, Qırğızıstan və Türkmənistan şəkərin tonunu 520-530 dollara satmağa başladı. Bu da şəkər ixracının orta qiymətini 13% aşağı saldı. Düzdür, Özbəkistan üçün şərtlərdə heç bir dəyişiklik olmadı. Əvvəlki il tonu 712 dollardan alırdısa, bu il müvafiq qiymət cəmi 9 dollar ucuzlaşaraq 703 dollar təşkil edib. Bəs yaxşı bu ixracın artması daxili bazara təsir edirmi? Rəsmi statistikadan məlum olur ki, bunun müəyyən təsiri var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-ci ilin yanvar-avqust aylarında şəkər idxalı 29.8 min ton təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə +83% artım deməkdir. Nəticə etibarilə, Latın Amerikası xammalından Azərbaycanda emal edib, şəkəri Mərkəzi Asiyaya göndərir, daxili bazarın bir hissəsi isə idxal olunan məhsul ilə təmin edir.
Открыть в TelegramNəticədə Claude deyir ki, Estoniyada İT sektoru 2022-ci ilin pik dövründən sonra “arıqlayıb”: işçilər azalıb, amma qalanlar əvvəlkindən daha yaxşı maaş alırlar. Ştat ixtisarı həm xarici IT şirkətlərində, həm də telekom və media şirkətlərində baş verib, Bolt və bəzi yerli şirkətlər isə böyüməyə davam edib. p.s. bu mətni Claude ilə birlikdə yazdıq. Claude-nin fikrincə, bu mətnin 45%-i onluqdur, qalan hissəsini isə mən yazmışam.
Открыть в TelegramSüni Zəka və işçi sayı O gün Linkedin-də maraqlı bir posta rast gəldim. Post müəllifi Estoniya əmək statistikasını qısa olaraq təhlil etdi və elə nəticəyə gəldi ki, Süni Zəka İT-sahəsində işçi sayına təsir edib (The real change is quieter: fewer juniors, smaller teams, same work with fewer people), amma digər sahələrdə əksinə artım qeydə alınıb. Düşündüm ki, müvafiq statistikanı daha detallı təhlil edə bilərəm və əgər mövzu Süni Zəkadırsa, elə süni zəkadan da istifadə etmək lazımdır. Estoniyada əmək statistikası çox detallı olaraq təqdim edilir: şirkətlər üzrə işçi sayı, əməkhaqqı üzrə ödənilən vergi və s. dərc edilir. Müvafiq məlumat da hər rüb yenilənir. Sonuncu dəfə müvafiq statistika oktyabrın 26-da yenilənmişdi və mən də bu faylları yükləyib, bir az emal edib (post müəllifi 2022 və 2026-ci illəri müqayisə edib deyə, mən də müvafiq dövrləri götürdüm), Claude-a yüklədim. Claude ilə birlikdə oturduq, bir az təhlil etdik. Estoniya Vergi və Gömrük Departamentinin (EMTA) məlumatına görə, son dörd ildə “İnformasiya və rabitə” sahəsində çalışan işçilərin sayı -6.2% azalıb: 32 664 nəfərdən 30 629 nəfərə enib. Eyni dövrdə ölkə iqtisadiyyatında məşğulluq demək olar ki, dəyişməyib (−0.9%). Yeri gəlmişkən, İT ilə bərabər daha bir neçə sahədə işçi sayı azalıb və dörd sahədə azalma daha yüksək olub. Belə ki, əmlak ilə əməliyyatlar üzrə azalma -14.0%, emal sənayesində -8.5%, nəqliyyatda -8.2% və mədənçıxarma üzrə -7.2% səviyyəsində qeydə alınıb. Ümumi olaraq 10 sahə üzrə işçi sayında 24 minlik azalma qeydə alınıb. Bəs bu azalma hansı sahələr hesabına kompensasiya olunub? Bu azalmanın 14 minlik hissəsi 4 sahə hesabına kompensasiya olunub: inzibati işlər (+6.4%), ictimai iaşə (+10.7%), səhiyyə və sosial xidmətlər (+11.4%) və maliyyə (+17.7%). Maraqlıdır ki, adətən deyirlər ki, SZ-dan ən çox təsir görəcək sahələrdən biri maliyyədir, amma göründüyü kimi maliyyə sahəsi ən yüksək artım göstərir. İKT sahəsində işçi sayının azalmasına baxmayaraq, maaşlar isə xeyli artıb. Bir işçiyə düşən əmək vergilərinə əsasən hesablanmış orta ümumi (brutto) aylıq maaş 2 660 avrodan 3 740 avroya yüksəlib, yəni nominal olaraq 40.6% artıb. Lakin bu dövrdə qiymətlər də 23.9% bahalaşıb. İnflyasiyanı nəzərə aldıqda İT-də maaşların real artımı təxminən 13.5% təşkil edir. İqtisadiyyat üzrə orta maaş nominal olaraq 36.4%, real olaraq isə təxminən 10% artıb. İT-də maaş artıq orta maaşdan 1.66 dəfə yüksəkdir (2022-ci ildə 1.61 dəfə idi). Parallel olaraq, İKT-də məşğul olan şirkətlərin sayı artıb, işçilərin sayı isə azalıb. İşçisi olan İT şirkətlərinin sayı 12% artaraq 4 748-dən 5 320-yə çatıb. Hər iki ildə fəaliyyət göstərən şirkətlər isə işçilərinin 7.1%-ni itiriblər: 650 şirkət ştatını genişləndirib, 833 şirkət isə ixtisar edib. İKT sahəsinə daxil olan sektorlar üzrə müqayisə etsək, görə bilərik ki, ən böyük azalma “media və nəşriyyat” istiqaməti üzrə qeydə alınıb, amma bununla belə burada maaşların real artımı +16% təşkil edib (düzdür, ən aşağı maaşlar da bu sahədə qeydə alınıb). İşçi sayının azalmasına görə ikinci yerdə igaminag sektoru gedir. Burada işçi sayı -10% azalıb. Bununla belə məhz bu sektorda ən yüksək orta aylıq əməkhaqqı qeydə alınıb (2022-ci ildə onlar ikinci yerdə idilər). Yeri gəlmişkən, digər sahələr ilə müqayisə etsək. Deməli işçi sayında ən yüksək artım göstərən maliyyə və sığorta sahəsi üzrə real əməkhaqqı hətta cüzi olaraq azalıb (-0.2%). İşçi sayında ən yüksək artım göstərənlərdən biri olan ictimai iaşə üzrə həm ən aşağı əməkhaqqı səviyyəsi qeydə alınıb, həm də real əməkhaqqı da azalıb. İKT sektorunda məşğul olan şirkətlər arasında mütləq rəqəmlərlə ən çox işçi cəlb edən Bolt-dur: İxtisar edənlər: Telia (-15%), Pipedrive (-33%), ERR (-13%), Veriff (-27%), Twilio (-27%), Kühne+Nagel IT (-19%), Fujitsu (-25%), CGI (-22%); Böyüyənlər: Bolt Technology (+32%), Bolt Operations (+18%), Helmes (+32%), Cybernetica (+20%), Genius Sports (+13%). Ən yüksək maaşlar: Twilio (~8 100 €), Microsoft Development Center (~7 600 €), Bolt Technology (~7 200 €) və Pipedrive (~6 400 €) şirkətlərindədir.
Открыть в TelegramDiaqramda siz dövlət büdcəsinin fiziki şəxslər üzrə gəlir vergisi üzrə aylıq toplama göstəricilərini görə bilərsiniz.
Открыть в TelegramGəlir vergisinə dair Hiss etdiyiniz kimi, bu ilin əvvəlindən qeyri-neft özəl sektorunda gəlir vergisi tutulur. Keçən il Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə 2500 manatadək maaşlardan 3%, 2500-dən 8000 manata qədər hissəyə 10% və 8000 manatdan yuxarı olan hissəyə 14% gəlir vergisi tutulur. Hesablama Palatasının məlumatına görə, Dövlət Vergi Xidməti hesab edirdi ki, bu mənbə hesabına 2026-ci il ərzində dövlət büdcəsinə əlavə 382.5 milyon manat toplanılacaq. Gələn ildən 2500 manatadək maaşlardan gəlir vergisi 2 faiz bəndi artacaq. Bəs bunun effekti nə olacaq? Dövlət Vergi Xidməti hesab edir ki, əlavə 2% və həm də orta aylıq nominal əməkhaqqının gələn il 8.7% artması nəticəsində (bu o deməkdir ki, gələn il minimum əməkhaqqı 450 AZN olacaq?) daha 237.9 milyon manat gətirəcək. Bununla da müvafiq artıq dövlət büdcəsinə iki il ərzində 1 milyard manat əlavə gəlir gətirməlidir. Bəs bu il nə baş verir? Hesablama Palatasının məlumatına görə, qeyri-neft özəl sektorunda muzdlu işdən gəlir vergisi üzrə 2026-cı ilin 9 ayı ərzində dövlət büdcəsinə 266,4 mln manat daxil olub. Bu da illik proqnozun 69.6%-dir. Rəsmi məlumata görə, artıq 75% (bizdə proqnozda mövsümlük və s. nəzərə alınmır, sadəcə 12 aya bölünür) olmalı idi. Deyilənə görə bu sadəcə ödəniş problemidir, çünki “Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə hesabat forması (Forma № 1V)”na əsasən, bu sektor üzrə 2026-cı ilin 9 ayı üzrə real hesablama 356,9 mln. manat olmuşdur. Amma bunun 90.5 milyonluq hissəsi hələ də ödənilməyib (ən azı rəyin tərtib olunduğu tarixə). Belə bir fərqin səbəbinə dair məlumat verilmir (düzünü desəm gəlir vergisinin ödənilməməsini təsəvvür etmək çətindir, çünki müvafiq vəsait onsuzda işçinin əməkhaqqından çıxılır). Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatlarına istinad etsək, təxmin edə bilərik ki, əslinə qalsa 9 ay ərzində hardasa 250-260 milyon manat ödənilməli idi və elə də ödənilib. Nəyə görə Vergi Xidmətinin hesabladığı rəqəm hətta rəsmi statistikadan da yüksəkdir – bu heç cürə izah olunmur (ya da bizim statistika işçilərin bir hissəsini ümumiyyətlə nəzərə almır. Amma bu absurd olardı, çünki hökumət muzdlu işçilərin sayının artımını göstərmək üçün adətən elə DSK rəqəmlərinə istinad edir). Yeri gəlmişkən, Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu ilin üç rübündə dövlət büdcəsi fiziki şəxslərin gəlir vergisi üzrə 1775 milyon manat toplayıb. Bunun 15%-lik hissəsi müvafiq verginin payına düşür və ya artımın 80%-i məhz müvafiq verginin payına düşüb. Göründüyü kimi əks halda müvafiq maddə üzrə artım çox cüzi olacaq idi. Bununla belə, Hesablama Palatası qeyd edir ki, Vergi Xidməti gələn il müvafiq maddənin daxilində həm də 122.7 mln. manatını muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi üzrə və 189 mln. manatını fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi üzrə toplamaq istəyir. Hər iki istiqamət üzrə növbəti il toplanan vəsaitlərin həcmi +39.7% və +98.9% çox artmalıdır. Nəyin hesabına bu baş verəcək? Vergi Xidməti deyir ki, bu ilin 9 ayında fiziki şəxslərin digər gəlirlərinə 258.9 milyon manat vergi hesablanıb, amma 107.7 milyon manat daxil olub. Buna görə artım üçün potensialın olduğu qənaətinə gəliblər. Düzünü desəm burada yenə də qəribə vəziyyət yaranıb. Azərbaycanda hansı fiziki şəxslər var ki, hesablanmış vergini ümumiyyətlə ödəmirlər? Yəni sadə sahibkarlar müvafiq vergini ödəməyə məcburdular, çünki əks halda hesabları bloklanacaq, bəs bu kimlərdir ki, hesabların bloklanması və s. baxmayaraq, vergini ödəməkdən boyun qaçırır? Təəssüf, Hesablama Palatası niyəsə bu məsələni araşdırmağı istəmədi.
Открыть в Telegramİndi keçək büdcənin gəlirlərinə. Rəsmi olaraq bizdə kazinonun təşkilinə görə illik lisenziya ödənişi var 340 min manat təşkil edir. Bu daimi ödənişdir. Kazinoya aid başqa bir xüsusi vergi növü ölkəmizdə yoxdur. Düzünü desəm bilmirəm, amma məntiqlə kazinoya da standart mərc oyunlarına aid olan vergilər tətbiq edilməlidir. Amma bu barədə heç bir məlumatımız yoxdur. Gələn ildən idman və mərc oyunları operatorların ödədiyi vergilər sistemi bir qədər dəyişir (artıq yuxarıda qeyd etdiyim GGR sisteminə keçid olunur), amma buna baxmayaraq dövlət büdcəsinin müvafiq maddə üzrə gəliri cəmi 6 milyon manat artır. Burada kazino nəzərdə tutulubmu, demək çətindir, büdcə zərfi ilə tanış deyiləm. Yeri gəlmişkən, indi mövcud olan qaydalara görə kazino oyunları idman və mərc oyunlarına aid deyil. Bu da o deməkdir ki, müvafiq kazino sadəcə mənfəət vergisi ödəyəcək. O da faktiki o deməkdir ki, ilk illər ümumiyyətlə büdcəyə heç bir ödəniş etməyəcək. Yeganə mənbə olaraq ƏDV qalır. Onu da kazino yox, onun müştəriləri ödəyir. Bu da yenə də dövriyyədən asılıdır. İlk ildə xüsusi bir dövriyyəsinin olacağını düşünmək çətindir. Nəticə etibarilə indiki formada və halda kazinonun dövlət büdcəsi üçün heç bir xüsusi faydası yoxdur.
Открыть в TelegramQeyri-neft-qaz sektoru haqqında Görünən odur ki, növbəti ilin ən iri qeyri-neft-qaz layihəsi Royale Casino Sea Breeze olacaq. Təəssüflər olsun ki, iqtisadiyyatımızın inkişafı üçün başqa bir kreativlik yoxdur. Bir müddət bu layihəni bizdə ölkə gəlirlərini artırılması yolu kimi təqdim edirdilər. İndi söhbətlər azalıb, amma kazinonun açılışına yaxın (deyəsən gələn ilin aprel-may ayları) müvafiq söhbətlər yenə də artacaq. Düşündüm ki, bəs reallıq nədən ibarətdir? Düzünü desəm Sea Breeze işçilərinin plan və proqnozları ilə tanış deyiləm, yəni onlar belə bir iri məkanın tikintisini necə əsaslandırıblar, hansı nümunədən istifadə ediblər və s. Mən sadəcə mövcud fakta əsaslanaraq, təxmini hesablamalar apara bilərəm. İlk əvvəl kazinonun göstəricilərinə baxmaq lazımdır. Deməli rəsmi saytda elan olunan məlumata görə, kazinonun ümumi ərazisi 90 min kvadrat metr təşkil edəcək, orada 150 oyun masası, 1500 oyun avtomatı yerləşəcək. Bundan başqa totalizatorlar üçün otaqlar, VİP-otaqlar, konsert zalı və s. olacaq. Bizim üçün əsas göstərici oyun masası və oyun avtomatı sayıdır. Bu prinsipcə az deyil, düzdür dünyada və s. ən iri kazinolar sırasında deyil, amma onlara yaxındır və Avropada ən iri kazino ola bilər. Bu göstəricilərə əsaslanaraq, gəlin müqayisə edək. Hələ ki, Avropada ən iri kazino Kiprdə yerləşir. Bu kazino 2022-ci ildə istifadəyə verilib və o zaman özünü "Avropada ən iri inteqrasiya olunmuş kazino kompleksi" olaraq nümayiş etdirirdi. İnteqrasiya demişkən - Kiprdə bütün kazinolar mehmanxana ilə birlikdə fəaliyyət göstərməlidirlər. Adətən kazinolar mehmanxana nəzdində olurlar, amma burada əksinədir. Əsas yeri kazino tutur, mehmanxana ona xidməti genişləndirməyə imkan verən bir müəssisədir. Rəsmi məlumata görə, bu kazinonun 2022-2025-ci illərdə əməliyyat gəliri 634.2 milyon avro təşkil edib. Bunun 121.6 milyonluq hissəsini dövlətə vergi formasında ödəyib. Eyni zamanda qeyd olunur ki, kazino hələ də planlaşdırılan həcmlərə çıxa bilməyib. Onun tikintisi 600 milyon avroya başa gəlib və hələ də istədiyi gəlir və mənfəətə çıxa bilməyib. Bununla belə, Kiprdə kazino fəaliyyəti xüsusi bir ayrı fəaliyyət sahəsidir və xüsusi vergi və ödənişlə ilə tənzimlənir. İlk əvvəl burada xalis gəlirdən (xalis deyərkən, burada GGR nəzərdə tutulur. Yəni bütün mərcə qoyulan vəsaitlə uduşlar arasında qalan vəsait) vergi 15% təşkil edir. Bununla bərabər kazino ilk 4 ili ərzində illik 2.5 milyon avro lisenziya ödənişi etməlidir. Ondan sonraki dövrdə bu ödəniş 5 milyon avroya kimi artır. Ümumi olaraq nəticə ondan ibarətdir ki, illik 3 milyon qonağa xidmət edən kazino hələ də planlaşdırılan həcmlərə çıxa bilməyib. Nəzərə almaq lazımdır ki, bu Kiprdir. Buraya illik 3-4 milyon xarici turist gəlir. Ölkədə çoxlu sayda xaricilər davamlı olaraq yaşayır. Ölkənin yaşayış səviyyəsi də bizdən qat-qat üstündür. İndi keçək Azərbaycana. Bizdə bu qədər xarici turist yoxdur. Avropalı olaraq vizasız gedəcəyim Kipr ilə müqayisədə Azərbaycanı seçmək çox mənasız olardı. Buraya mən həm viza almalıyam, həm də Bakı nisbətdə heç də ucuz yer deyil (Sea Breeze isə mənasız bahadır). Eyni zamanda indi hətta Yunanıstanda da kompleks tikilir. Yəni Avropada alternativlər çoxdur. Avropadan kənar alternativlər az deyil. Bu alternativlər arasında Azərbaycanı seçmək qəribə olardı. Parallel olaraq dediyim kimi bahalıq (hətta Gürcüstanla müqayisədə), viza və s. məsələlər var. Hələ onu demirəm ki, illik 3 milyon turistə çatmaq indiki şəraitdə bizim üçün çox çətindir. Bu kazinonun yeganə bazarı Azərbaycandır, daha doğrusu, yerli əhalidir. Görünür məhz buna görə son zamanlar onlayn-kazinolar ilə ciddi mübarizə başlayıb. Müəyyən qədər mənasız bir mübarizədir. Mənfəətləri həddindən artıq yüksək olan onlayn-kazinolar daim yeni variantlar axtarışındadır və lazım gəlsə mövcud olan bütün məhdudiyyətləri aşmağı bacarırlar. Burada daha çox bazarı azaltmaq olardı, amma bunu da bizdə etmək istəyən yoxdur.
Открыть в TelegramRusiya hökuməti sadə insanın maraqlarının qayğısına yaxşı qalır. Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosiologiya Mərkəzinin Sosial-Siyasi Tədqiqatlar İnstitutunun (Bu boyda da ad olar?) növbəti monitorinqinin nəticələrinə görə bir sıra respondentlər məhz belə düşünür. Deməli, institutun keçirdiyi sorğuda insanlar beş qrupa (qruplar sorğu nəticəsində formalaşıb. İnsanlara öz gəlir səviyyəsini qiymətləndirmək təklif olunmuşdu) bölünürdülər: 1. Pul heç nəyi özümə qıymamağa tamamilə kifayət edir; 2. Uzunmüddətli istifadə mallarının əksəriyyətini almaq çətinlik yaratmır; 3. Pul zəruri ərzaq və geyim almağa kifayət edir; 4. Pul yalnız ərzaq almağa çatır; 5. Pul hətta ərzaq almağa belə çatmır. Deməli birinci qrupa daxil olanların 46.2% hesab edir ki, Rusiya hökuməti sadə insanın maraqlarının qayğısına yaxşı qalır. Başqa sözlə varlıların ən azı yarısı düşünür ki, sadə insanların problemlərini hökumət həll edir. Eyni zamanda birinci qrupun 100%, ikinci qrupun isə 68.8%-i düşünür ki, İndi işləyə bilən və işləmək istəyən hər kəs öz maddi rifahını təmin edə bilər. Başqa sözlə əgər sənin işin və ya kifayət qədər gəlirin yoxdursa, deməli “problem səndədir”. Gəlir azaldıqca suallara cavab da, əlbəttə ki, dəyişir. Yeri gəlmişkən, varlıların ümumiyyətlə hər şey xoşuna gəlir, 69,2%-i iqtisadi kursu müsbət qiymətləndirir. İkinci qrupda müvafiq göstərici 47.2%-dir. Üçüncü qrupda bu göstərici artıq 37.0%, amma bununla belə 37.4%-i ümumiyyətlə vecinə deyil. Başqa sözlə Rusiya hökumətinin indiki mövqeyinin əsası məhz bu dəstəkdir. İlk iki qrup ya dəstəkləyir, ya da vecsizdir, son iki qrup isə ərzaq uğrunda mübarizə aparır və sosial-iqtisadi və siyasi addımlar onları narahat etmir. Ortada qalan üçüncü qrup isə əsasən vecsizdir. Bu da hökumətin əl-qolunu açır. Azərbaycanda vəziyyət necədir? Bilmirəm. Bizdə soğrular keçirilirmi? Məntiqlə olmalıdır, amma hökumətin elmə və təhlilə yanaşmasını bilərək, təxmin edə bilərəm ki, heç kimə bu lazım deyil. Azərbaycanda insanların fikrini niyə soruşasan ki?
Открыть в TelegramAzərbaycan kəndlisinə dair məlumatımız olmasa da A. Stopani hesabına bizdə sadə neftçi fəhləsinin illik rasionuna dair məlumatımız var. Müvafiq rəqəmləri mən 2014-cü ildə təsdiqlənmiş "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" qərar ilə müqayisə etdim. Bəllidir ki, bir sıra istiqamətlər üzrə kəndli şəhərli ilə müqayisədə daha yaxşı yaşayırdı, amma düşünmürəm ki, bu fərq çox böyük idi.
Открыть в Telegram